• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yeni bağça tikilir

Qazaxda yeni bağça tikilir
“Regionların inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq rayonumuzda tikinti-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Bütün sahələrdə həyata keçirilən bu yenidənqurma işləri rayon mərkəzinin, eləcə də kəndlərin yeni görkəm almasına, abadlaşmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına səbəb olur.

Görülən bu genişmiqyaslı, sürətli işlərin nəticəsidir ki, Qazax aydan-aya öz görkəmini sözün yaxşı mənasında dəyişir, rayonumuz daha da gözəl və yaraşıqlı olur.

Dövlətimiz tərəfindən körpələrə də daim diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, respublikamızda hər il yeni-yeni məktəblər, bağçalar tikilir.

Böyüməkdə olan körpələr müasir standartlara cavab verən bağça binalarında böyüyüb tərbiyə olunurlar.
Qazaxda yeni bağça tikilir
Rayonumuzda da bu sahəyə xüsusi önəm verilir. Məktəb tikintisi ilə yanaşı gələcəyimiz olan körpələrə rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir, onların daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları ön plana çəkilir.

Bu gün ən çox ehtiyac duyulan sahələrdən biri yeni bağça binalarının tikilməsidir. Bu məqsədlə rayon rəhbərliyinin qayğısı sayəsində 100 yerlik olan daha bir yeni bağça binasının tikintisinə başlanılıb.

Yeni inşa olunan 1 saylı körpələr evi-uşaq bağçası 2 korpusdan ibarət olacaqdır. Əsas binadan əlavə nasosxana və qazanxananın inşası da nəzərdə tutulub.

Yeni bağçada hər birinin həcmi 100 m3 olan 2 ədəd su anbarı tikiləcəkdir.

İçməli suya olan təlabatı ödəmək və yanğından mühafizə məqsədilə tikilən bu anbarlar müasir standartlara cavab verən səviyyədə inşa olunacaqdır.

Bundan başqa yeni bağçada oyun meydançası da olacaqdır ki, bu da uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün olduqca vacibdir.
Qazaxda yeni bağça tikilir
3 ədəd söhbətgah inşa olunacaq ki, bu da körpə balaların daha səmərəli məşğuliyyətinə xidmət göstərəcəkdir.

Eyni zamanda yeni bağça binası hasar, darvaza və alaqapıdan ibarətdir.

Sahə rəisi Şahmar Quliyevin GOYEZEN.AZ saytına verdiyi məlumata görə əsas korpus 3 mərtəbədən və zirzəmidən ibarət olacaqdır.

Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, sanitar-uzel otağı, ütüləmə, mətbəx, tibb kabineti, qabyuma otağı da tikiləcəkdir.

Bundan əlavə holl, direktor, müavin, kompyuter və dəftərxana otaqlarının da tikintisi nəzərdə tutulub.
Qazaxda yeni bağça tikilir
Onu da qeyd edək ki, tikintinin sifarişçisi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdir.

Obyektin tikintisini isə “Fərhad” MMC tikinti təşkilatı yerinə yetirir. Tikintidə gündəlik 25-30 nəfər çalışır.

Görülən sürətli işlərin nəticəsidir ki, özül işləri – armaturlama və beton işləri başa çatıb. Hal-hazırda zirzəminin inşası üçün karkasların bağlanması və beton tökmə işləri aparılır.

İşlərin belə sürətlə aparılması isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda yeni binanın hörgü işlərinə başlanılacaqdır.

Ş.Quliyev onu da bildirdi ki, yeni tikilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisinin 2017-ci ilin mart aylarında başa çatdırılması nəzərdə tutulub.
Bu isə o deməkdir ki, yeni ildən rayonumuzun coğrafiyasına daha bir yeni ünvan daxil olacaqdır.

Yaxın aylarda müasir standartlara cavab verən yeni bağça binası körpə fidanların istifadəsinə veriləcəkdir.


Facebook-da paylaş