Əsas Səhifə > Səhiyyə > Qazaxda Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan səyyari kurslar uğurla başa çatıb

Qazaxda Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan səyyari kurslar uğurla başa çatıb


17-04-2019, 19:55


Bu gün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Qazaxda davamlı tibbi təhsillə əlaqədar aprelin 8-dən 17-dək təşkil olunmuş səyyari kurslar uğurla başa çatıb. 10 gün müddətinə davam edən kurslar Qazax Müalicə Diaqnostika Mərkəzində təşkil olunub. Həkim terapevt, pediatr və ailə həkimi üzrə aparılan səyyari kurslarda həkimlərə davamlı tibbi təhsillə bağlı maraqlı mövzular barədə ətraflı məlumatlar verilib.

Qazax rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə bərabər, Qazax Müalicə Diaqnostika Mərkəzinin, eləcə də qonşu rayonlardan Ağstafa, Tovuz və Şəmkir rayon Mərkəzi Xəstəxanalarının həkimləri də fəal iştirak ediblər.

Davamlı tibbi təhsillə əlaqədar təşkil edilmiş səyyari kursda iştirak edən müxtəlif ixtisaslardan olan 66 nəfər həkim sertifikat və balla qiymətləndiriliblər. Eyni zamanda, həkimlərə kursu bitirmə haqqında şəhadətnamələr verilib.

Kurslarda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan (ADHTİ) assisent Rəsul İlahə Telmənqızı anemiya, onun müalicəsi və profilaktikası, "Ailə təbabəti” kafedrasının müdiri, tibb elmləri doktoru, professor Səadət Mahmudova "Ailə təbabəti konsepsiyasının Azərbaycanda inkşafı” və "Ağciyərin xroniki obstruktiv xəstəlikləri”, Bakı şəhərinin Baş uroloqu, 3 saylı şəhər Kliniki Xəstəxanasının Urologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru. Avropa və Amerika Beynənxalq Urologiya cəmiyyətinin üzvü İlqar İsmayılov və "Ailə təbabəti” kafedrasının assisenti endokrinoloq Dinar Qəhrəmanova uroloji xəstəliklərin müalicə və profilaktikası, şəkərli diabet, onun müalicəsi profilaktikası və pəhrizi haqqında, "Ailə təbabəti” kafedrasının assisenti, tibb elmləri namizədi Şəfaqət Verdiyeva "Kəskin qarın” xəstəlikləri, dosent, tibb elmləri namizədi Aydın Zeynalov "Ürəyin işemik xəstəliyi” mövzularında həkimlərə ətraflı məlumatlar veriblər.

Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğnın bu gün rayon rəhbərliyi tərəfindən də uğurla davam etdirildiyini qeyd edib. O, bütün tibb işçiləri adından ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Kurs rəhbəri Səadət Mahmudova səyyari kursun təşkilində göstərdiyi diqqət və qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədovaya Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi adından minnətdarlığını çatdırıb. Qonaqpərvərliyə və kursun təşkili zamanı göstərilən qayğıya görə iştirak edən həkimlər adından sonsuz təşəkkürlərini ifadə edib.

Sonda Səadət xanımın müəllifi olduğu "Ailə Həkimi” kitabı həkimlərə hədiyyə olunub.

GOYEZEN.AZ


Geri qayıt