Əsas Səhifə > Səhiyyə > Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir

Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir


20-02-2019, 14:49

 

Azərbaycan xalqı zaman-zaman ağır günlər, dəhşətli hadisələr yaşamışdır. Tarixin ən qədim dönəmlərində belə sınaqlara məruz qalmış və keşməkeşli bir yol qət etmişdir. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri də Xocalı soyqırımıdır. Misli görünməmiş vəhşiliklə həyata keçirilən, qəddarlığına və amansızlığına görə XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 27 il keçir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Həmin dəhşətli günü nə Azərbaycan dövləti, nə də bu xalq heç vaxt unutmur. Respublika Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında 5 fevral 2019-cu il tarixli Sərəncamın imzalanması bunu söyləməyə əsas verir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Xocalı soyqırımının iyirmi yeddinci ildönümü və soyqırım qurbanlarının xatirəsi yad olunur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə başçısının "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2019-cu il 6 fevral tarixli 11 nömrəli Sərəncamlarına əsasən Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. 9-21/32 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb.

Həmin tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirləri keçirilir.

Bu gün Azərbaycan Beynəlxalq Bankın Qazax filialında, səhiyyə müəssisələrindən – Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, Gigiyena və Epidemiologiya Mərkəzində də anım tədbirləri keçirilib.

Bütün tədbirlərdə əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Sonra çıxış edənlər xalqımızın qan yaddaşına yazılmış həmin acılı günlərdən söz açıblar. Qeyd ediblər ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri iliyinədək sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Çıxışlarda "Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı tədbirlərin keçirildiyi də qeyd olunub. Bildirilib ki, bugünkü gənc nəsil bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün səylərini səfərbər etməlidirlər.





GOYEZEN.AZ


Geri qayıt