Əsas Səhifə > Səhiyyə > Qazaxda QİÇS-lə mübarizə gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib

Qazaxda QİÇS-lə mübarizə gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib


1-12-2018, 16:09


Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə "SPİD" adlandırdığımız qazanıl­mış immun çatışmazlığı sindromu - QİÇS-lə mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir.
İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi "İİÇV (insanın immun çatışmazlığı virusu) infeksiyası" termini ilə ifadə etməyi vacib sayır.

Ümumdünya QİÇS günü (ing. World AIDS Day) - 1988-ci ildən etibarən hər il 1 dekabr tarixində Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalq səviyyədə qeyd edilən gündür. Ümumdünya QİÇS günü eyni zamanda virusun səbəb olduğu xəstəliklərdən vəfat etmiş şəxslərin xatirələrinin anılması günü kimi də qeyd olunur. Ümumdünya QİÇS günü Ümumdünya Səhiyyə Təşkilatının tibb dünyası ilə bağlı təşkil etdiyi səkkiz beynəlxalq gündən biridir. 1995-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən QİÇS probleminə diqqəti cəlb etmək üçün deklorasiya imzalanmışldır. Son illər dünya səviyyəsində aparılan təbliğat kampaniyaları nəticəsində virusun əvvəlki sürətlə yayılmasının qarşısı alınmışdır. Yeni növ dərman preparatlarının kütləvi istifadəyə verilməsi də virusun proflaktikasında yeni ümidlər yaratmaqdadır.

Artıq dördüncü ildir ki, ölkəmiz Avropa İİV test həftəliyinə qoşulub. Hər il noyabr ayının son günlərinə təsadüf edən həftəlik bu il noyabrın 23-dən 30-dək davam edib. Onu da qeyd edək ki, Azərbaycan İİV-infeksiyanın ən az yayıldığı ölkələr sırasındadır. Regional bölgü üzrə Şərqi Avropa və Mərkəzi Asiyada yer tutan Azərbaycan hər 100 min nəfərə düşən QİÇS virusu infeksiyasına görə ən aşağı göstəriciyə malikdir.

Ölkəmiz həmin virus infeksiyasına qarşı ABŞ, Kanada, Böyük Britaniya, Norveç və s. kimi inkişaf etmiş ölkələrdə tətbiq edilən müasir strategiya əsasında mübarizə aparır. Bu o deməkdir ki, xəstəyə diaqnoz qoyulan gündən onun müalicəsinə başlanılır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da QİÇS-lə mübarizə sahəsində məqsədyönlü işlər görülür.

Bu gün "Qərb–Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək  İctimai Birliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirmə aksiyası da bu sahədə görülən işlərin əyani sübutudur.

Şəhərin mərkəzində 1 dekabr - Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr olunmuş maarifləndirmə aksiyasında əhaliyə QİÇS-lə bağlı məlumat kitabçaları paylanılıb, könüllü test müayinəsi təşkil olunub.

"Qərb–Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov GOYEZEN.AZ saytına müsahibəsində bildirib ki, ictimai birlik Respublika QİÇS-lə Mübarizə Mərkəzinin dəstəyi ilə "Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanların genişləndirməsi, profilaktika və müalicənin gücləndirməsi vasitəsilə Azərbaycanda QİÇS/İİV epidemiyasına qarşı cavab tədbirlərinin mükəmməlləşdirməsi” layihəsini həyata keçirir. Layihəin əsas məqsədi əhalini cəmiyyətin əsas xəstəliklərindən biri olan QİÇS-lə mübarizəyə qarşı məlumatlandırmaq və sakinlərə həlli yollarını göstərməkdir.

R.Göyüşov qeyd edib ki, həyata keçirilən bu aksiyalarda Qazaxdan 183, Tovuzdan 74, Şəmkirdən isə 48 nəfər İİV-ə qarşı könüllü test müayinəsindən keçib. Müraciət edən sakinlərə xəstəliklə bağlı məlumatlar verilib, müayinələr aparılıb.









            
Geri qayıt