• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda əhalinin tibbi müayinəsi aksiyası davam edir


Son illər Azərbaycanda bütün sahələrlə yanaşı, səhiyyə sahəsi də daim diqqət mərkəzində saxlanılır. "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən hər il fevralın 12-dən may ayının 12-dək təşkil olunan əhalinin tibbi müayinəsi aksiyası bu dediklərimizin əyani sübutudur. Məhz dövlət tərəfindən vətəndaşlara göstərilən bu diqqət və qayğının nəticəsidir ki, əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir.

Artıq ənənə halını almış bu cür aksiyanın keçirilməsində əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Həmçinin, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. 3 ay davam edəcək bu aksiyanın təşkil olunmasını ölkə vətəndaşları da böyük razılıq hissi ilə qarşılayırlar.

Məlumat verdiyimiz kimi, Qazaxda da fevralın 11-dən etibarən əhalinin tibbi müayinəsinə başlanılıb. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən həyata keçirilən aksiyanın bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması məqsədilə Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında hər cür şərait yaradılıb.

Artıq ardıcıl olaraq altıncı ildir ki, həyata keçirilən bu xeyirxah aksiya rayonumuzda da uğurla həyata keçirilir. Rayon sakinləri tibb müəssisələrinə gələrək tibbi müayinədən keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak edirlər.

İstər mərkəzdə, istərsə də poliklinikada tibbi müayinə olunan rayon sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanın təşkil olunmasını yüksək qiymətləndirirlər. Sakinlər ölkəmizdə, eləcə də bölgələrimizdə səhiyyə sahəsinə olan diqqət və qayğıya, xüsusilə də hər il ənənə şəklini almış əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasına görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Məlumat üçün onu da qeyd edək ki, Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində təşkil olunan aksiyada bu günədək 6 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş