Qazaxın ilk qadın cərrah həkimi Tamilla Əfəndiyevanın anadan olmasının 90 illik yubileyi qeyd olunub
Bu gün Qazax
rayon səhiyyəsinin inkişafında müstəsna xidmətləri olmuş, şərəfli ömür yolu
keçmiş, xeyirxah və qayğıkeş insan Tamilla xanım Əfəndiyevanın anadan olmasının
90 illik yubileyi qeyd olunub. Qazaxın ilk qadın cərrah həkmi olan Tamilla
xanımın təcrübəli cərrah və xeyirxah insan kimi keçdiyi şərəfli ömür yoluna bir
daha nəzər salınıb, gənc həkimlərimizə örnək göstərilib. Yeni Azərbaycan
Partiyası Qazax rayon təşkilatının böyük zalında keçirilən tədbirdə rayonda
çalışan həkimlər, idarə, müəssisə, təşkilat rəhbərləri, həkimin ailə üzvləri,
yaxınları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin
aparıcısı, gənc rəssam Akif Əmirov təcrübəli həkimin həyat və fəaliyyəti
haqqında məlumat verərək bildirib ki, T.Əfəndiyeva
1928-ci ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya göz açmışdır. 1935-ci ildə
məktəbə ilk dəfə qədəm qoyan Tamilla xanım şəhər 1 saylı tam orta məktəbi fərqlənmə
ilə bitirmişdir. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur.
1950-ci ildə həmin institutu bitirərək doğma torpağı Qazaxa təyinat almışdır. Səhiyyə
sahəsində uzunmüddətli fəaliyyətinə görə T.Əfəndiyeva Səhiyyə Nazirliyi tərəfindən
birinci dərəcəli həkim cərrah adını almışdır. 1985-ci ildə səhiyyə sahəsinin
inkişafındakı xidmətlərinə görə Əmək Veteranı adına layiq görülmüşdür.
Sonra T.Əfəndiyevanın
həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Qazax rayon Mərkəzi
Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək bildirib ki, həkimlik müqəddəs bir peşədir. 60 il
gecəsini gündüzünə qataraq neçə-neçə analara övlad sevinci bəxş etmiş Tamilla həkimin
rayon səhiyyəsinin inkişafındakı xidmətləri danılmazdır. Onun keçdiyi şərəfli ömür
yolu və səhiyyə sahəsində gördüyü işlər, sənətinə olan sonsuz sevgisi bu gün gənc
həkimlərimizə bir örnəkdir. Tədbirdə
iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi
Kəmalə Cəfərova çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Rayon
rəhbərliyi tərəfindən səhiyyə sahəsinə, həkimlərimizə göstərilən diqqət və
qayğıdan danışıb. Qazax səhiyyəsinin inkişafında misilsiz xidmətləri olan həkimlərimizin
hər zaman dərin hörmətlə yad edildiyini, xatirələrinin əziz tutulduğunu qeyd edib.
Qazax
Rayonlararası Ruhi Xəstəxanasının baş həkimi Ramiz Mansurov, həkimlərdən mama-ginekoloq
Amaliya Mustafayeva, pediatrlardan Şölə Mustafayeva, Lətifə Məmmədova, cərrah
Binyamin Abbasəliyev, stomatoloq Hüsniyyə Məmmədova, təqaüddə olan həkimlərdən
Dilarə Nağıyeva, Zenfira Mustafayeva, şəhər 1 saylı tam orta məktəbin direktoru
Bəsdi Ələkbərova yubiley tədbirində söz alaraq Tamilla xanımın nəinki təcrübəli
bir həkim, eyni zamanda, bütün insani keyfiyyətlərə malik olan bir insan
olmasını qeyd ediblər. Vurğulayıblar ki, səhətini şam, özünü isə pərvanə bilən
T.Əfəndiyeva başqalarına işıq verərək öz ömrünü insanların sağlamlığına həsr
etmişdir. Qan lazım olan xəstələrinə öz qanını, hətta, yeri gələndə
övladlarının belə qanını əsirgəməyən bu insan həmişə xəstələrinə şam işığı qədər
olsa belə işıq verməyə çalışmışdır.
Bildiriblər
ki, Qazaxımızın ilk qadın cərrahı kimi tarixə düşən T.Əfəndiyeva neçe-neçə körpələri,
eləcə də onları dünyaya gətirən anaları ölümün pəncəsindən xilas etmişdir. Bunun
qarşılığı isə gənc anaların öz körpələrinə onun adını verməsi olurdu. Bu gün o
bizimlə olmasa da onun adını yaşadanların sayəsində əbədiləşir, ürəklərdə
silinməz izlər qoyur. Tibb bacısı və
şairə Tamella Poladlı da çıxış edərək Tamilla həkimin yubileyinə həsr etdiyi şeirini
söyləyib, onunla bağlı xatirələrindən söz açıb. Həkimin ailə
üzvlərindən – gəlini, İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin direktor əvəzi
Nailə Əfəndiyeva çıxış edərək bu gün Tamilla xanımın sənətinə verilən dəyərə,
göstərilən diqqətə və belə yüksək səviyyədə tədbirin təşkilinə görə əməyi keçən
insanlara ailəsi adından dərin minnətdarlığını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş