• Təqvim

  • Unutma

  • Maraq



İnsanlar qayğı ilə əhatə olunur


Respublikamızda qayğıya ehtiyacı olan insanlar daim diqqət mərkəzində saxlanılır. Məlum olduğu kimi Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən kimsəsiz uşaqlara, qocalar evində məskunlaşanlara, fiziki qüsurlu insanlara, ümumiyyətlə bu qəbildən olan bütün Azərbaycan vətəndaşlarına dünyada analoqu olmayan qayğıkeşlik və həssaslıq nümayiş etdirilir.

Qazax rayonunda da son illərdə rayon rəhbərliyi tərəfindən saysız-hesabsız humanizm prinsiplərinə əsaslanan, xalq tərəfindən yüksək qiymətləndirilən xeyirxah əməllər həyata keçirilir. Bu günlərdə Qazax rayonlararası psixiatriya xəstəxanasının hazırki durumu ilə maraqlandıq. Tibb müəssisəsinin baş həkimi Ramiz Mansurovla həmsöhbət olduq. Baş həkim bildirdi ki, 100 çarpayılıq bu tibb ocağı 1962-ci ildən fəaliyyət göstərir. 1979-cu ildən isə qeyd olunan müəssisəyə rəhbərlik edir. Həmin dövr ərzində xəstəxanada demək olar ki, heç də normal təmir işləri aparılmamışdır. Təxminən 2 ildən artıqdır ki, Qazax rayonuna yeni təyin olunmuş icra başçısı Rəcəb Babaşov rayonun əksər idarə və müəssisələrinə, o cümlədən Qazax rayonlararası  psixiatriya xəstəxanasına da baş çəkdi. Rayon rəhbəri xəstəxanadakı bərbad və dözülməz vəziyyəti gördükdə dərhal təmirlə bağlı müvafiq qurumlara ciddi tapşırıqlar verdi. Elə həmin günün səhəri müəssisədə sürətli təmir işlərinə start verildi.

İlk öncə tamamilə yararsız vəziyyətdə olan qazanxana binası əsaslı təmir olunaraq bütün lazımi avadanlıqlarla təchiz olundu. Xəstəxana mərkəzləşmiş istilik sistemi ilə təmin olundu. Müəssisədə daimi isti və soyuq suyun təminatı həyata keçirildi. Kanalizasiya sistemi tamamilə yeniləndi. Sanitar qovşaqlar əsaslı təmir olunaraq istifadəyə verildi. Binanın dam örtüyündə lazımi təmir işləri aparıldı. Yeməkxana yüksək səviyyədə təmir olunaraq yeni avadanlıqlarla təmin olundu. Mətbəx hissəsinə təzə qab-qacaq dəsti və soyuducular gətirildi.

Qeyd etmək lazımdır ki, xəstəxana iki növbəli fəaliyyət göstərir. Belə ki, qadın və kişilər yeməkxanaya ayrı-ayrılıqda daxil olurlar. Xəstəxananın 1-ci və 2-ci mərtəbəsi tam təmir olunaraq istifadəyə verilmişdir. Əsas binanın 1-ci və 2-ci mərtəbəsi arasındakı qəza vəziyyətində olan pilləkən yenilənmişdir. Bundan başqa, tibb müəssisəsinin həyətindəki əvvəlki səliqəsizlik və antisanitar vəziyyət aradan qaldırılaraq 120 ədəd cürbəcür meyvə ağacları, binanın digər tərəfində isə 110 ədəd müxtəlif növ bəzəkli ağac və gül kolları əkilərək lazımi aqrotexniki qulluq göstərilir. Tibb müəssisəsində təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bunlarla yanaşı həyətdə voleybol meydançası qurlaşdırılmışdır. Vaxtaşırı xəstəxana yumşaq və bərk inventarlarla təmin olunur.

Qeyd etmək lazımdır ki, tibb müəssisəsinin dərmanla təchizatında heç bir problem yaşanmır. Ramiz Mansurov vurğuladı ki, xəstələrin qidalanmasına yaradılmış xüsusi komissiya nəzarət edir. Xəstələr daim mövsümi meyvələrlə təmin olunurlar. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 8 Mart  - Beynəlxalq Qadınlar Bayramı günündə xəstəxanaya gələrək müəssisənin qadın əməkdaşlarını, eləcə də xəstə qadınları təbrik edərək, onlara gül dəstələri və qiymətli hədiyyələr təqdim etdi. Bu hal xəstəxana tarixində ilk hadisə kimi hər kəsin böyük sevincinə səbəb oldu. Bayramlarda Qazax rayonu mədəniyyət evinin incəsənət ustaları xəstəxanada rəngarəng konsert proqramları ilə çıxış edirlər ki, bu da insan qayğısına və nəvazişinə hamıdan çox ehtiyacı olan insanların böyük sevincinə səbəb olur. Söhbətin sonunda Ramiz Mansurov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından, rəhbərlik etdiyi kollektiv və xəstələr adından xəstəxanaya göstərdiyi hədsiz diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi.

Vəli VƏLİYEV,                                                                

"Respublika” qəzeti

5 sentyabr 2018-ci il




Facebook-da paylaş