Əsas Səhifə > Şəhidlər > Vətən Sizinlə qürur duyur

Vətən Sizinlə qürur duyur


10-05-2020, 08:47

Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------


Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Qəhrəmanlıqlarla dolu olan uca bir zirvə. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Çünki bu zirvəni fəth edən igid Vətən oğulları öz şücaətləri ilə həmişə sübut ediblər ki, xalqa, dövlətə sədaqətlə xidmət edən Azərbaycan oğulları olub və bundan sonra da olacaq. Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazırdırlar. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə Vətən naminə, torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Vətən oğul və qızlarının keçdikləri döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək isə hər birimizin ən müqəddəs borcu olmalıdır. 

"Şəhidlik” adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Nəriman Mustafayevi, Mustafa Mustafayevi, Asif Rəhimovu, Elburus Məmmədovu yad edirik. 

Mustafayev Nəriman Abdulla oğlu


Mustafayev Nəriman Abdulla oğlu 9 may 1956-cı ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1992-ci ildə Nizami rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 26 sentyabr 1992-ci ildə  Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.   

Mustafayev Mustafa Bahad oğlu


Mustafayev Mustafa Bahad oğlu 10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1945-ci ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş və 1952-сi ildə Cəfərli kənd əsas məktəbin yeddinci sinfini bitirmişdir. 1956-cı ildə SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə görə tərxis olmuşdur. 1957-ci ildən "Pravda” kolxozunda naxırçı işləmiş, 1972-ci ildən isə "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 18 noyabr 1996-cı ildə Cəfərli kəndində öz xırdabuynuzlu mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.

Rəhimov Asif Qəzənfər oğlu


Rəhimov Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş və 1991-ci ildə orta məktəbi bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan  Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhəddində Kəmərli döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında  dəfn olunmuşdur.

Məmmədov Elburus Veyis oğlu


Məmmədov Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində gülə yarasından şəhid olmuşdur.


Geri qayıt