Əsas Səhifə > Şəhidlər > Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı qələbədir

Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı qələbədir


9-04-2020, 16:43


"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan

Bəli, ölkə başçısının da dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Azərbaycanın hərb tarixinə "4 günlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəmizdən 4 il ötsə də həmin tarixi qələbəni bizlərə bəxş edənlər unudulmurlar, daim qəlblərdə yaşayırlar.

Bütün dünyada Qərbin qapısı sayılan, şairlər, aşıqlar yurdu kimi tanınan Qazax eli hər bir sahədə olduğu kimi, hərb tarixində də həmişə öz sözünü deməyi bacarıb. "Artilleriyanın Allahı" ləqəbini almış Əliağa Şıxlinskinin yurdu olan Qazaxda gənclərimiz üçün Vətənin müdafiəsi hər zaman ən ümdə vəzifə, ən müqəddəs amal olub. Məhz Aprel döyüşləri də bir daha sübut etdi ki, Qazaxda necə igid, mətin, dəyanətli, Vətənini, torpağını sevən, ən əsası da dövlətinə sadiq olan oğullar var və bundan sonra da olacaqdır.

Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha göstərdilər.

Bu gün həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz kapitan Orucov Mühüd Qurban oğlunun yoxluğundan bizləri 4 il ayırır.

Fərəhli Qazaxın sərhəd kəndidir. Dağlar qoynunda yerləşən bu kəndin sinəsi daim düşmənə sipər olmuşdur. Nankor ermənilər müxtəlif illərdə dəfələrlə kəndi atəşə tutmuş, əhalisinə mənəvi və maddi ziyan vurmuşdur. Lakin fərəhlilər bir gün də olsa, öz yurd-yuvalarını tərk etməmiş, düşmən qarşısında mərd dayanmışlar. Elə bu səbəbdən də böyüyən yeni nəsil mərd, qorxmaz, cəsarətli, o cümlədən də düşmənə nifrət hissi ilə böyümüşlər. Mühüd Orucov da belə nəslin içində böyüyüb boya-başa çatmışdı. Kimin ağlına gələrdi ki, Vətənə olan sevgisi illər sonra onu qəhrəmana çevirəcək, haqqında dastanlar yazılacaq bir qəhrəmana.13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olan Mühüddə torpaq, Vətən, yurd sevgisi, elə-obaya bağlılıq hissi, şəhidlik adlı zirvəni fəth etmək hələ uşaqlıqdan kiçik qəlbində alovlanan bir qığılcım olub hər zaman. O istək ki, onu daim arzusunun arxası ilə getməyə səsləyib. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlir. Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək sertifikatlar alır.

 

İgid Vətən oğlunun torpağa, el-obaya olan sevgisi hər zaman düşmənə baş əyməyə qoymayıb. O, 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalaraq bunu bir daha sübut edir. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunan Mühüd göstərdiyi şücaətlə bütün gənclərimizə örnəkdir.Mühüd Orucovun Vətən naminə etdikləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsinə, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı Qazaxda həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Vətən uğrunda canından keçən digər şəhidlərimiz kimi, Mühüd Orucovun da xatirəsi əziz tutulur. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilib. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində inşa olunub. 2016-cı ildən Gülanə Hüseynovanın təşəbbüsü ilə açılmış şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunub. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılıb.

 

Bəli, Mühüd qalib çıxdığı bütün döyüşlərlə həmişə sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. 

M.Orucov kimi igid Vətən oğullarının göstərdikləri şücaət bir daha onu sübut etdi ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da edəcəkdir. Aprel döyüşləri o şanlı qələbədir ki, bu gün də düşmənə sarsıdıcı zərbələr vurur. 4 il öncə vahiməyə düşən düşmən bu gün də o tarixi andan söz düşəndə çəkinir. Çünki düşmən yaxşı bilir ki, Azərbaycanda Mühüd Orucov kimi oğullar hər zaman olub və bundan sonra da olacaqdır. Necə ki, bu gün Mühüdün evində Vüqar və Anar adlı iki əkiz oğul övladı böyüyür.

Gülnar QULUYEVA,

Qazax RİHB aparatında İctimai-siyasi və humanitar

məsələlər şöbəsinin baş məsləhətçisi


Geri qayıt