Əsas Səhifə > Şəhidlər > Vətən Sizinlə qürur duyur!

Vətən Sizinlə qürur duyur!


4-08-2019, 11:10

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------


VƏTƏN. Nədir Vətən? Niyə sevməliyik Vətəni? Nədir bu məfhum? Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Bir qarışı üçün heç düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir. Bəli, ən yüksək vətənpərvərlik hissinə sahib olanlar həmişə yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmaq, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxmaqdan bir an belə tərəddüd etmirlər. Vətənpərvərliyin ən ali məqamı da - şəhidlikdir. Bu zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar.Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü hər şeydən üstün tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün sevindirici haldır ki, rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım günü olan şəhidlərimizdən – İsə Almazovun, Adil Qocayevin, İbrahim İbrahimovun, Fərman Heydarovun, Vüqar Nəbiyevin, Mehdi İsgəndərovun, Alı Mollayevin, Sərdar Hüseynovun, Aslan Məmmədovun, Ənvər Abdullayevin, İslam Xəlilovun, Yusif Vəliyevin, Məmməd Məmmədovun, Məhəmməd Əsgərovun, Dilqəm Zeynalovun əziz xatirələrini yad edirik.

Almazov İsə Ziyad oğlu


Baş gizir Almazov İsə Ziyad oğlu 20 iyun 1977-ci il tarixində Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir.

13.01.2001-ci ildə gizir, 29.06.2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi” və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur.

Baş gizir Almazov İsə Ziyad oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində Qazax rayonunun Kəmərli kəndi istiqamətində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından həlak olmuşdur.

Baş gizir İ.Almazov xidmət etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılmışdır.

Baş gizir İ.Almazov bütün kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağın müdafiəsində şəhid olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır.

Baş gizir İ.Almazov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli Əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Qocayev Adil Hüseynqulu oğlu


Qocayev Adil Hüseynqulu oğlu 29 iyul 1966-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil  olmuş, 1982-ci ildə orta məktəbi bitirmişdir. 1984-cü ildə SSRİ ordusuna hərbi xidmətə getmiş və 2 il hərbi xidmətdə olmuşdur. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Adil Qocayev 24 iyul 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur.

İbrahimov İbrahim Hətəm oğlu


İbrahimov İbrahim Hətəm oğlu 6 iyun 1948-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1955-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş və dördüncü sinfə kimi oxumuşdur. Beşinci sinifdən səkkizinci sinfə kimi Cəfərli kənd tam orta məktəbində oxumuşdur.1963-cü ildə Qazax şəhər 1 N-li tam orta məktəbin doqquzuncu sinfinə daxil olmuş, 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1967-1969-cu illərdə SSRİ silahlı qüvvələrində Ukrayna Respublikasında xidmət etmişdir. Qazax rayon TTK-da sürücü işləmişdir. 29 iyul 2000-ci ildə Bala Cəfərli kəndində öz mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.

Heydarov Fərman Alı oğlu


Heydərov Fərman Alı oğlu 29 iyul 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 22 may 1995-ci ildə rayonun Xanlıqlar kəndində "Kar Qaya” istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Məzarı Aşağı Salahlı kənd qəbiristanlığındadır.

Nəbiyev Vüqar Müzəffər oğlu


Nəbiyev Vüqar Müzəffər oğlu 1 avqust 1967-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuşdur. 1974-cü ildə yaşadığı kənddə birinci sinifə daxil olmuşdur. 1984-cü ildə həmin orta məktəbi bitirmişdir. 1985-1987-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gələrək ailə həyatı qurmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduda xidmət etməyə başlamışdır. 2 fevral 1993-cü ildə döyüş zamanı itkin düşmüşdür. 2006-cı ildə Qazax rayon Məhkəməsinin qərarı ilə şəhid statusu almışdır. Ailəlidir və bir oğlu var.

İsgəndərov Mehdi Nəsrəddin oğlu


İsgəndərov Mehdi Nəsrəddin oğlu 1 avqust 1953-cü ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1960-cı ildə Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1 aprel 1990-cı ildə Qazax rayonunun Yuxarı Əskipara kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi. İki övladı var.

Mollayev Alı Vəli oğlu


Mollayev Alı Vəli oğlu 1 avqust 1956-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1963-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ilə məktəbi bitirərək sovet ordusu sıralarına çağırılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Mollayev Alı Vəli oğlu 12 avqust 1998-ci ildə Quşçu Ayrım kəndində odun gətirən zaman ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olmuşdur. Ailəli idi. İki övladı var.

Hüseynov Sərdar Aydın oğlu


Hüseynov Sərdar Aydın oğlu 2 avqust 1968-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbinin birinci  sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1983-85-ci illərdə M.Hüseyn adına internat orta məktəbinin onuncu sinfini bitirmişdir. 1986-88-ci  illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd Feldşer-Mama  məntəqəsinin müdiri işləmişdir. 24 sentyabr 1993-ildə Qazax şəhərinə atılan mərmi  partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi.

Məmmədov Aslan Dursun oğlu


Məmmədov Aslan Dursun oğlu 2 avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Məmmədov Aslan Dursun oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Abdullayev Ənvər Abdulla oğlu


Abdullayev Ənvər Abdulla oğlu 25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycanın ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Xəlilov İslam Mahmud oğlu


Xəlilov İslam Mahmud oğlu 5 iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbinin birinci sinfinə getmiş, 1957-ci ildə məktəbin səkkizinci sinfini bitirmişdir. Sovet ordusu sıralarında xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

 Vəliyev Yusif İbrahim oğlu


Vəliyev Yusif İbrahim oğlu 17 mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966–cı ildə Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə getmişdir. 1979–cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid  olmuşdur.

Məmmədov Məmməd Zahid oğlu


Məmmədov Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid olmuşdur.

 Əsgərov Məhəmməd İsmayıl oğlu


Əsgərov Məhəmməd İsmayıl oğlu 30 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1965-ci ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu yaşayış məntəqəsinə köçərək orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə qayıtmış, kənddə müxtəlif işlərdə fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də minaya düşərək şəhid olmuşdur.

Zeynalov Dilqəm Camal oğlu


Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.


Geri qayıt