Əsas Səhifə > Şəhidlər > Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur


12-05-2019, 06:50


Qəhrəmanlıq heç vaxt bir anın bəhrəsi ola bilməz. Qəhrəmanlıq bizi illər sonra yaddaşlara əbədi yazacaq bir keyfiyyətdir. Azərbaycan xalqı, oğul və qızları da hər zaman bu keyfiyyətə sahib olublar. Çünki tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib.Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün ölümə aparsa belə, Vətən üçün bu yoldan dönməmişik. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür payını bu yolda keçməyə hazır olublar. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq. Çünki onları imdada çağıran, azadlığa səsləyən düşmən tapdağı altında olan olan torpaqlarımız var.

Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən işğalında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu yüksək səviyyədədir. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq şəhdilərimizlə bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan Nəriman Mustafayevin, Mustafa Mustafayevin, Asif Rəhimovun, Elburus Məmmədovun, Fərman Yolçuyevin əziz xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Mustafayev Nəriman Abdulla oğlu


Mustafayev Nəriman Abdulla oğlu 9 may 1956-cı ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1992-ci ildə Nizami rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 26 sentyabr 1992-ci ildə Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.    

Mustafayev Mustafa Bahad oğlu


Mustafayev Mustafa Bahad oğlu 10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1945-ci ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş və 1952-сi ildə Cəfərli kənd əsas məktəbin yeddinci sinfini bitirmişdir. 1956-cı ildə SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə görə tərxis olmuşdur. 1957-ci ildən "Pravda” kolxozunda naxırçı işləmiş, 1972-ci ildən isə "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 18 noyabr 1996-cı ildə Cəfərli kəndində öz xırdabuynuzlu mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.

Rəhimov Asif Qəzənfər oğlu


Rəhimov Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov  sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş və 1991-ci ildə orta  məktəbi bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan  Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhəddində Kəmərli döyüş bölgəsində ermənilər   tərəfindən açılan  atəş nəticəsində  şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında  dəfn olunmuşdur.

Məmmədov Elburus Veyis oğlu


Məmmədov Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində gülə yarasından şəhid olmuşdur.

Yolçuyev Fərman Sabit oğlu


Yolçuyev Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara  kəndində anadan olmuşdur. 1976-cı ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yolçuyev Fərman Sabit oğlu 11 may 1992-ci ildə şəhid olmuşdur.


Geri qayıt