Əsas Səhifə > Şəhidlər > Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər unudulmurlar

Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər unudulmurlar


23-12-2018, 11:59

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq isə hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilərlər bu müqəddəs zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. 

Doğma Vətən torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər birimizin müqəddəs borcu olmalıdır. Eyni zamanda, onların keçdiyi döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan Qazax rayonu da Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazaxda şəhidlərimizin əziz xatirəsi hər zaman yüksəkdə tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksəkdə dayanıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırır, onların ailə üzvlərinə daim qayğı ilə yanaşır. Son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.

Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytı Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – İsrayıl Əfəndiyevin, Namiq Hacıyevin,Cavid Omarovun, Fidat Məmmədovun, Fərman Yolçuyevin, Seymur Əliyevin, Havaxanım Əsgərovanın əziz xatirəsini yad edir.

Əfəndiyev İsrayıl Süleyman oğlu


Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə Valeh Musayev adına İkinci Şıxlı kənd orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Həmin ildə Bədən Tərbiyəsi Texnikumuna qəbul olmuş, 1985-ci ildə texnikumu bitirərək hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Valeh Musayev adına tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Müəllim işlədiyi vaxtda səfərbərlik zamanı Milli Orduya çağırılmışdır. Ordan da Sanqaçalda "sapyor” (minaaxtaran) ixtisası üzrə zabit dərəcəsi almış, 707 saylı hərbi hissəyə göndərilmişdir. İşlədiyi müddətdə 707 saylı hərbi hissədə şəxsi işlər üzrə zabit işləmişdir. 17 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babakər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli olub, 2 övladı var.

Hacıyev Namiq Səhrab oğlu


Hacıyev Namiq Səhrab oğlu 17 dekabr 1974-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 1992-ci ilin dekabrında Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il mart ayının 1-də Ağdamda cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Omarov Cavid Hüseynəli oğlu


Omarov Cavid Hüseynəli oğlu 27 oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Qazax zonasında xidmət etmişdir. 18 dekabr 1993-cü ildə şəhid olmuşdur. Evli olub. 2 övladı var.

Məmmədov Fidat Əhməd oğlu


Məmmədov Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki peşə məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Yolçuyev Fərman Sabit oğlu


Yolçuyev Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara  kəndində anadan olmuşdur. 1976-cı ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yolçuyev Fərman Sabit oğlu 11 may 1992-ci ildə şəhid olmuşdur.

Əliyev Seymur Rövşən oğlu


Əliyev Seymur Rövşən oğlu 22 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. 2005-2006-cı illərdə şəhid Namiq Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbində təhsilini davam etdirmişdir. 15 avqust 2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Əsgərova Havaxanım Dədəş qızı


Əsgərova Havaxanım Dədəş qızı 23 dekabr 1956-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Bağanıs Ayrım kənd ibtidai məktəbinin  birinci sinfinə getmişdir. 1974-cü ildə Aşağı Əskipara kənd orta məktəbinin onuncu  sinfini bitirmişdir. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində azyaşlı uşağı ilə birlikdə yandırılmışdır.


Geri qayıt