Respublika mətbuatı Qazax haqqında
Övlad bizim, şəhidsə bu millətin, bu vətənindir
Övlad itkisi çox ağırdır. Amma bu dərdə dövlət, millət şərik çıxanda, elliliklə həyan duranda ağrının üzərinə bir də qürur hissi gəlir. Deməli, övladlarımız hədər şəhid olmayıb: düşmənə sarsıdıcı zərbə endirilməklə yanaşı, milli özümüzə güvənimiz, inamımız qaytarılıb. Biz illərdir həsrətində qaldığımız qələbəni nəhayət, daddıq və artıq əminik ki, Azərbaycan Ordusu, igid oğillarımız mənfur düşməni darmadağın etmək qüdrətinə malikdir. Respublikamızın ərazi bütövlüyünün təmin olunacağı gün uzaqda deyil.
Nahaq yerə deməyiblər: dərdi bölərsən, azalar, sevinci paylaşarsan, artar. İlk anlardan bu günə kimi dövlətimiz və xalqımız yanımızdadır. Mənəvi qayğı ilə əhatələnmişik. Övladlarımız böyük təntənə, elliklə dəfn olunandan sonra məzarların üstü mərmərlə götürülüb, ətrafları abadlaşdırılıb. Gəlib-gedən, şəhidləri və ailələrini yad edən çoxdur.
Sağ olsunlar hamıdan çox razıyıq. Bu günlərdə bizə xəbər verdilər ki, Qazax rayon İcra Hakimiyyəti Başçısı Rəcəb Babaşov hər üç şəhidin adını əbədiləşdirmək və gələcək nəsillərə nümunə göstərmək üçün bulaq kompleksləri inşa etdirir. Övlad bizim, şəhid isə bu millətin, bu vətənindir. Övladlarımızın ruhuna göstərilən bu həssaslığa görə minnətdarlığımızı bildiririk. Və bir daha söyləyirik: təki vətən yaşasın!
Şəhid atası
“Azərbaycan” qəzeti. 25 sentyabr 2016
Facebook-da paylaş