• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Alı Mustafayevin xatirəsi anılıb

Qazax rayon İcra Hakimiyyətinin və Qazaxbəyli kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, kənd ağsaqqalları, müəllim və şagirdlər iştirak edib.

Tədbir iştirakçıları Milli Qəhrəmanın məktəbin həyətində qoyulmuş büstü önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.
Qazaxda Alı Mustafayevin xatirəsi anılıb
Tədbiri giriş sözü ilə Alı Mustafayevin vaxtilə təhsil aldığı Qazaxbəyli kənd tam orta məktəbin direktoru Mətanət Ayvazova açıb, Milli Qəhrəmanın həyatı, əmək fəaliyyəti və keçdiyi döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək respublikamızda, eləcə də rayonumuzda Milli Qəhrəman və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Alı Mustafayev erməni millətçilərinin hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək Dağlıq Qarabağdan–qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanmışdı. O, Moskvada Azərbaycan Respublikası Milli Məclisi tərəfindən parlament müxbiri olmuşdu. 1991-ci ildə fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüşdü.
Qazaxda Alı Mustafayevin xatirəsi anılıb
1991-ci ilin 19 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi səmasında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertalyotun düşmən tərəfindən atılmış mərmi ilə vurulması nəticəsində faciəli şəkildə dünyasını dəyişmiş və şəhid olmuşdur.

Ölümündən sonra igidliyi və göstərdiyi şücaəti yüksək qiymətləndirilərək ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Alı Mustafayev bu gün də xalqımızın qəlbində yaşayır.

Milli Qəhrəmanın bacısı Bəsti Mustafayeva çıxış edərək Alı Mustafayevə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra Qazaxbəyli kənd tam orta məktəbin şagirdləri Alı Mustafayevin vətənpərvərlik mövzusunda yazılmış şeirlərini səsləndiriblər.

Qazaxda Alı Mustafayevin xatirəsi anılıb
GOYEZEN.AZ


Facebook-da paylaş