• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlik uca və müqəddəs zirvədir

Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------


Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan dövlətinin vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Mənfur düşmənləri isə qəlbimizdəki Vətən sevgisinin, Vətən məhəbbətinin atəşi ilə məhv etməliyik və edəcəyik də... Torpaqlarımızı azad etmək üçün, analarımızın gözündən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq və qalxayacağıq da... Məhz bu amal uğrunda neçə-neçə igid Azərbaycan övladı canından keçərək vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zivəsinə ucalıb. Qəhrəmanlıqlarla dolu olan uca bir zirvəyə yüksəliblər. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bəli, azadlığımızı canı ilə qazanıb qanı ilə yazanları, Vətən, azadlıq yolunda canından keçənləri yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq üçün hər birimiz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq. Bu işdə mən, sən, o deyil, biz məhfumu hər zaman olmalıdır. Biz özümüz özümüzü, dünənimizi, bu günümüzü bütün dünyaya tanıtmalıyıq. Bu tanıtma işinin içərisində ən müqəddəs vəzifəmiz isə şəhidlərimizi unutmamaq, gələcək nəsillərə onların qəhrəmanlığını çatdırmaqdır.

"Şəhidlik” adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Fərman Yolçuyevi, Səhlədar Məhərrəmovu, Həmid Tağıyevi, Yaşar Hüseynovu, Nəsir Yusifovu, Dadaş İsmayılovu yad edirik. 

Yolçuyev Fərman Sabit oğlu


Yolçuyev Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara  kəndində anadan olmuşdur. 1976-cı ildə şəhid İslam Nəsibov adına Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yolçuyev Fərman Sabit oğlu 11 may 1992-ci ildə şəhid olmuşdur.

Məhərrəmov Səhlədar Süleyman oğlu


Məhərrəmov Səhlədar Süleyman oğlu 13 may 1938-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurlmuşdur. Ağır güllə yarasından vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir.

Tağıyev Həmid Bəhmən oğlu


Tağıyev Həmid Bəhmən oğlu 13 may 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1980-ci il ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi  xidmət etmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Tağıyev Həmid Bəhmən oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə evlərinin yaxınlığındakı bir bulağa onun adı verilmişdir.

Hüseynov Yaşar Eldar oğlu


Hüseynov Yaşar Eldar oğlu 14 may 1966-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 28 aprel 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə  şəhid olmuşdur. 1994-cü ildən şəhid statusu verilib.

Yusifov Nəsir Səməd oğlu


Yusifov Nəsir Səməd oğlu 16 may 1966–cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Qazaxbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Ermənilərə qarşı döyüşdə könüllü dəstədə iştirak edən Nəsir Yusifov 23 iyul 1993-cü ildə şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.

İsmayılov Dadaş İsmayıl oğlu


İsmayılov Dadaş İsmayıl oğlu 17 may 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına getmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda çalışmışdır. İsmayılov Dadaş İsmayıl oğlu 14 iyun 1992-ci ildə Kommuna (indiki Bala Çaylı) kəndində ermənilər tərəfindən atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.



Facebook-da paylaş