Vətən Sizinlə qürur duyur
Şəhidlərimizi
tanıyaq və tanıdaq------------------------- Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Qəhrəmanlıqlarla dolu olan uca bir
zirvə. Bu ucalığa yüksələnlərin ömür
yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Çünki bu zirvəni fəth edən
igid Vətən oğulları öz şücaətləri ilə həmişə sübut ediblər ki, xalqa, dövlətə sədaqətlə
xidmət edən Azərbaycan oğulları olub və bundan sonra da olacaq. Ali Baş
Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş
torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazırdırlar. Qərinələr ötsə belə,
nəsillər bir-birini əvəz etsə belə Vətən
naminə, torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə öz qanları
ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız
heç vaxt unudulmur. Vətən oğul və
qızlarının keçdikləri döyüş yolunu gənclərə çatdırmaq, onları
gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq,
şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək isə hər birimizin ən
müqəddəs borcu olmalıdır. "Şəhidlik”
adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə
sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən
tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə
məruz qalır. Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər
zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə
yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən
şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir
edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və
şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir
əyani sübutudur. Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş
çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş
lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda
keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər
mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar
alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər
ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq
qalıb doğum və anım günü olan şəhidlərimizdən – Nəriman Mustafayevi, Mustafa Mustafayevi, Asif Rəhimovu, Elburus Məmmədovu yad
edirik. Mustafayev Nəriman Abdulla oğlu Mustafayev Nəriman Abdulla oğlu
9 may 1956-cı ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1992-ci ildə Nizami rayon
hərbi komissarlığından Azərbaycan
Ordusu sıralarına çağırılmışdır. 26 sentyabr 1992-ci ildə Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli
kənd qəbiristanlığında dəfn olunmuşdur. Mustafayev Mustafa Bahad oğlu Mustafayev Mustafa Bahad oğlu
10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1945-ci
ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş və 1952-сi ildə Cəfərli
kənd əsas məktəbin yeddinci sinfini bitirmişdir. 1956-cı ildə SSRİ silahlı qüvvələrinə
hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə görə tərxis olmuşdur. 1957-ci
ildən "Pravda” kolxozunda naxırçı işləmiş, 1972-ci ildən isə "Qazax Tinglik”
sovxozunda sürücü işləmişdir. 18 noyabr 1996-cı ildə Cəfərli kəndində öz xırdabuynuzlu
mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur. Rəhimov Asif Qəzənfər oğlu Rəhimov Asif Qəzənfər oğlu 4
yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta
məktəbə getmiş və 1991-ci ildə orta məktəbi
bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci
ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhəddində Kəmərli döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məmmədov Elburus Veyis oğlu Məmmədov Elburus Veyis oğlu 9
yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 10
may 1996-cı ildə Kəmərli kəndində gülə yarasından şəhid olmuşdur.
Facebook-da paylaş