Şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcudur
Şəhidlərimizi
tanıyaq və tanıdaq------------------------- Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə,
əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi
hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır,
unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr
ötsə belə, nəsillər bir-birini əvəz etsə belə Vətən naminə,
torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə öz qanları ilə dastan
yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt
unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim
qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə
canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. "Şəhidlik” adlı zirvəyə adlarını şərəflə
yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi
yad etmək isə bizim ən ümdə vəzifəmizdir. Vətən oğul və qızlarının keçdikləri döyüş yolunu gənclərə çatdırmaq, onları
gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq,
şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək hər birimizin ən müqəddəs
borcu olmalıdır. "Şəhidlik” adlı müqəddəs amal uğrunda
döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü
uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı
adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm,
Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim
düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar
kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər
çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz
xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu
müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur,
rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur
duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda
canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da
artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə
Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz
açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha
onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və
anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq
onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu
həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan
şəhidlərimizdən – İsmayıl Musayevi,Alı Eminovu, Yaşar
Hüseynovu, Göycə Eyvazovu, İmran Mancanovu,
Vüqar Süleymanovu, Şərifə Talıbovanı, Nuridə Pirvəliyevanı, Arif Məsmalıyevi, Cavad Süleymanovu, Məhəmməd
Bayramovu, Şakir Əsgərovu yad edirik. Musayev İsmayıl Ürfət oğlu
Musayev
İsmayıl Ürfət oğlu 27 aprel 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində
anadan olmuşdur. 1979-cu ildə kənd məktəbinə getmiş və 1987-ci ildə səkkizinci
sinfi bitirmişdir. 117 saylı texniki peşə məktəbində təhsilini davam
etdirmişdir. 1992-ci ilin əvvəllərində hərbi komissarlığa müraciət etmiş
İsmayıl Musayevi 707 saylı hərbi hissənin 1-ci taborunda xidmət etməyə göndərmişlər.
Bir ay təlim keçdikdən sonra İsmayıl Bala Cəfərli, Cəfərli və Ballıqaya yüksəkliyi
uğrunda gedən döyüşlərdə iştirak etmiş, öz qorxmazlığı ilə yoldaşlarına nümunə
olmuşdur. Lakin belə igid bir döyüşçünün döyüş yolu çox qısa olmuşdur. O,
1992-ci il iyul ayının 20-də Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına
vuruşmuş və 19 yaşında şəhidlik zirvəsinə ucalmışdır. Eminov Alı Məhəmməd oğlu
Eminov
Alı Məhəmməd oğlu 15 iyul 1970-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı
ildə Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd
orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə həmin orta məktəbin onuncu
sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan
Ordusu sıralarına çağırılmışdır. 27 aprel 1994-cü ildə Qazax rayonunun Aslanbəyli
kəndinin Ermənistan Respublikası ilə sərhədində
minaya düşərək şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Hüseynov Yaşar Eldar oğlu
Hüseynov Yaşar Eldar oğlu 14 may 1966-cı ildə Qazax rayonunun
Barxudarlı kəndində anadan olmuşdur. 28 aprel 1994-cü ildə Ağdərə rayonu ərazisində
gedən döyüşlərdə şəhid olmuşdur. 1994-cü
ildən şəhid statusu verilib. Eyvazov Göycə Bilal oğlu
Eyvazov Göycə Bilal oğlu 2
aprel 1965-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid
Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil
almışdır. 1983-cü ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə
olmuşdur. Eyvazov Göycə Bilal oğlu 29 aprel 1994-cü ildə Ağdam rayonunda gedən
döyüşlərdə itkin düşmüşdür. Mancanov İmran Kərəm oğlu
Mancanov İmran Kərəm oğlu 3
may 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid
Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil
almışdır. 1981-1983-cü illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə
olmuşdur. Mancanov İmran Kərəm oğlu 30 aprel 1994-cü ildə Tərtər rayonunda gedən
döyüşlərdə şəhid olmuşdur. Bu həyatda qəribə taleyi olan insanlardan biri də
Mancanov İmran Kərəm oğlu idi. O, dünyaya gəldiyi gün – may ayının 3-də Daş
Salahlı kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb. Süleymanov Vüqar İdris oğlu
Süleymanov Vüqar İdris oğlu 30
aprel 1971-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1994-cü ildə
Neft Akademiyasının ll kursunu yarımçıq qoyaraq Qarabağa döyüşə getmişdir. 13
yanvar 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Subay idi. Talıbova Şərifə Qəfər qızı
Talıbova Şərifə Qəfər qızı 15
sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş,
1980-ci ildə həmin məktəbi bitirmişdir. Talıbova Şərifə Qəfər qızı 1 may
1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə atılan
top mərmisinin qəlpəsindən şəhid
olmuşdur. Ailəli idi. 2 övladı var. Pirvəliyeva Nuridə Cəlal qızı
Pirvəliyeva Nuridə Cəlal qızı
26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1 may 1993-cü ildə
ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən şəhid
olmuşdur. Məsmalıyev Arif Rəhim oğlu
Məsmalıyev
Arif Rəhim oğlu 2 may 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1978-ci ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 825-ci Hərbi Hissənin II
batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məsmalıyev Arif Rəhim
oğlu 19 yanvar 1994-cü ildə Lələkənd ətrafı ərazilərdə gedən döyüşlərdə şəhid
olmuşdur. Süleymanov Cavad Musa oğlu
Süleymanov Cavad Musa oğlu
1932-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Uzun müddət sovxozda
çoban işləmişdir. 1993-cü ilin may ayının 3-də ermənilərlə sərhəd olan ərazidə
düşmən tərəfindən odlu silahla qətlə yetirilmişdir. Bayramov Məhəmməd Xəlil oğlu
Bayramov
Məhəmməd Xəlil oğlu 3 may 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli)
kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 6 may 1998-ci ildə Qazax
rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində çöl sahəsində
ot biçərkən ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli
kənd qəbiristanlığında dəfn olunmuşdur. Əsgərov Şakir Əsgər oğlu
Əsgərov Şakir Əsgər oğlu 31
mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanbryan rayonunun Ayrım qəsəbəsində
anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanbryan rayonunun Aşağı Körpülü kənd
orta məktəbinində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində
hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində
şəhid olmuşdur.
Facebook-da paylaş