• Təqvim

  • Unutma

  • Maraq



Mənimlə fəxr edəcəksən, ana

Mənimlə fəxr edəcəksən, ana
Vətən nə deməkdir? Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək: “uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. Şairin dediyi kimi: Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir. Bu uğurda canından keçmək isə Vətən sevgisinə sahiblikdən doğur. Bəs Vətən sevgisi nədir? Üzərində həyat sürdüyümüz bu torpaq üçün lazım gələndə həyatını, sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür Vətən sevgisi. Vətən sevgisi ən uca, əsil sevgidir. Məqamı gəlincə Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür. Unutma¬malıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.

Məhz bu xalqın xələfləri kimi bu adı qorumaq sələflərimizin əmanətinə sahiblik borcu olmalıdır.

Nəhayət, Vətən hər bir kəsin sevgilisi, məhbubu olmalıdır. Ondan üstün məhəbbət yaşaya bilməz qəlbimizdə. Görkəmli ədib Abbas Səhhət demişkən:

Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim...

Haqqında söhbət açacağım Vətən oğullarından biri də baş leytenant Namazov Elvin Məmməd oğludur. O, Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub boya-başa çatıb. Onu indi bütün Azərbaycan tanıyır. O, etdikləri ilə, göstərdikləri şücaətlə bütün qəlblərdə məskən salıb. Cavan yaşında elə bir zirvəyə yüksəlib ki, onu nə biz, nə də zaman unudacaqdır.

Anası Aişə Namazovadan oğlu Elvin haqqında soruşanda onu qəhər boğdu, xeyli susdu. Sanki dili tutuldu bir anlıq. Uzun sükutdan sonra danışdı:

Onun haqqında nə danışım mən? O, mənim ilk nübarım idi, hər şeyim idi. O, orta məktəbi bitirdikdən sonra Bakıya üz tutdu. Heydər Əliyev adına Hərbi Akademiyaya. Hərbiçi olmaq öz arzusu idi. Biz də onun bu istəyinə qarşı çıxmadıq. 5 il orada oxudu. Sonra Mingəçevir şəhərinə, N saylı hərbi hissəyə komandir göndərildi. Az müddətdə hamının hörmətini, sevgisini qazanmışdı. Adəti üzrə yenə bizdən xəbərsiz xüsusi təyinatlı kursa yazılıb. Onu bu yoldan heç kəs döndərə bilməyib. İstəyiblər ki, Mingəçevirdə qalıb işləsin. Lakin o, öz istəyinin arxasınca gedib. 6 ay kurs keçib. Bundan qohumlarının, əzizlərinin xəbəri olmayıb.

Tez-tez evimizə təşəkkür məktubları gəlirdi. Oxuyub sevinirdik. Özündən soruşanda isə bircə kəlmə ilə deyirdi ki, “Hələ bu nədir ki, vaxt gələcək mənimlə fəxr edəcəksən, ana…”

Mənim qızım yoxdur. Bir gün dedim ki, gəl səni öz kəndimizdən evləndirim. Mənə də qız olar, qocalanda qayğıma qalar. Bildirdi ki, ana mənim sevdiyim var. Sənin kimi bir qaragöz gözəldi. Ağdamlıdır. Mən həmişə olduğu kimi yenə onun istəyinin əleyhinə çıxmadım. Qazaxdan uzaq səfərə çıxdım, onu sevdiyinə qovuşdurdum.

Ötən ilin mart ayı idi. Novruz bayramına az qalmışdı. Mənə zəng edib dedi ki, bu bayramda sən bizim yanımıza gəl. Pay göndərmə, özün gəl. Bax göndərsən geri qaytaracam. Dediyini eləyən idi. Ona görə də hazırlaşıb onlara qonaq getdim. Qayıdanda mənimlə elə görüşdü ki, sanki vidalaşır. Dönə-dönə üz-gözümdən öpdü. Kəndə gələndə evdəkilərə dedim ki, vallah ürəyimə nəsə damıb. Elvin əvvəlki Elvin deyil. Mənimlə elə görüşdü ki, elə bil bir daha görüşməyəcəyik. Bu, belə də oldu. Ana qəlbi həssas olur axı. Gecə evimizə zəng gəldi. Və bu zəng mənim işıqlı dünyamı qaranlığa qərq etdi. 1 il ötüb. Hələ də qaranlıq dünyam işıqlanmayıb. Bu gün Elvinimdən mənə qalan ən dəyərli yadigar üçrəngli Azərbaycan bayrağıdır. Onu başımın üstündə saxlayıram. Vəsiyyət etmişəm ki, mən öləndə başımın altına qoysunlar. Elə orada Elvinə qovuşanda qaranlıq dünyam işıqlanacaq.

Deyirəm kaş ki, Elvinimdən bir yadigar övlad qalardı. Ömrümü ona bağlayıb yaşayardım. İndi necə yaşayacağımı bilmirəm. Lakin Elvinin sözləri hər zaman qulağımdadır. Bu, da mənə bir təsəllidir. “Mənimlə fəxr edəcəksən, Ana”. Bəli, bu gün mən oğlumla fəxr edirəm. O, təkcə mənim deyil, bütün Azərbaycanın fəxridir.

Həyat yoldaşı, 10 aylıq ömrünün yoldaşı, taleyi yarım qalan, bəxti küskün Nuranə Namazova da Elvindən söz açdı. Onun söylədikləri çox ağır olsa da, bu da bir şəhidin ömür tarixi və sevgi hekayəsidir.

- Biz Elvinlə təlim-tərbiyə mərkəzində tanış olmuşduq. Mən tibb kursunda oxuyurdum. Elvin məni orda görüb bəyənmişdi. Sonra zaman keçdi və biz bir-birimizi sevdik, evləndik. Uzaq bir yerə gəlin köçsəm də məsafə məni qorxutmamışdı. Lakin bu gün Elvini məndən daha uzun məsafələr aldı. Onun həsrətinə dözmək çox çətindir.

Bizə hərbi şəhərcikdə təzə ev vermişdilər. Öz zövqümüzlə evi bəzəmişdik, ana olmağa hazırlaşırdım. Gözəl arzular, xəyallar qururduq. Düşünürdüm ki, Elvin evdə olmayanda daha tək qalmayacam. Daha iki nəfər onun yolunu gözləyəcək. Lakin bu xoşbəxtlik də mənə qismət olmadı. Biz övladımızı itirdik. O, buna görə çox pis olmuşdu. Bu hadisədən 10 gün keçmişdi ki, mən Elvinimi də itirdim. İndi ondan mənə qalan tək xatirə istifadə etdiyi ətirdir. Bir də fotoşəkillər… Bu gün bizim ayrılığın 1 yaşı tamam olur. Mənim yaşıdlarım övladının ad gününü qeyd edəndə mən Elvinin ildönümünü qeyd edirəm. Bu da mənim taleyim, alın yazımdır. Şəhid həyat yoldaşı olmaq isə hər qadına nəsib olmur. Bircə təsəllim budur. Mən qəlbimdə bir şəhid sevgisi daşıyıram.

30 mart 2016-cı il tarixini heç vaxt unutmayacam. Biz hamımız, hərbiçilərin həyat yoldaşları onları yola salmaq üçün eyvana çıxmışdıq. Bütün döyüş yoldaşları dönüb arxaya əl edəndə Elvin isə arxaya baxmadan bircə dəfə əl etdi. Bu da mənə bir dərd oldu. Düşündüm ki, niyə belə görüşdü. Buna görə xeyli ağladım da…Yoxsa qəlbinəmi dəymişdim, məndən incimişdimi? Bilmədim…

Gedən vaxtdan əlaqə saxlayırdıq. Tez-tez yazırdı mənə. Axrıncı dəfə mənə zəng edəndə ağladım. Mənə söylədi ki, niyə ağlayırsan hər şey yaxşıdır. Ağlama, bir də ağlım səndə qalmasın. İndi mən necə yaxşı olum? Axı, hər şey Elvinin dediyi kimi yaxşı olmadı… Sən demə Elvin deyil, bu göz yaşları ömür boyu mənə yoldaş olacaqmış.

Söhbət zamanı şəhidin atası M.Namazov ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinə, eləcə də rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova minnətdarlıq etdi.

Sağ olsunlar, - dedi. - Bizə hər cür dəstək göstərirlər. Oğlum Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Rayon rəhbərliyi də hər zaman bizimlə maraqlanır, daim diqqət və qayğı göstərir. Bu gün şəhərin mərkəzində oğlumun adını daşıyan bulaq abidə kompleksi tikilib. Oğlumun doğum günü yüksək səviyyədə qeyd olunub.

Nüşabə HÜSEYNOVA


Facebook-da paylaş