Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı qələbədir
"Aprel
döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun
gücünü göstərən qələbədir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər
yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var.
Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Aprel döyüşləri
nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş
ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki,
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü
nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Bəli, ölkə
başçısının da dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası
ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel
döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Azərbaycanın hərb tarixinə
"4 günlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəmizdən
4 il ötsə də həmin tarixi qələbəni bizlərə bəxş edənlər unudulmurlar, daim
qəlblərdə yaşayırlar. Bütün dünyada
Qərbin qapısı sayılan, şairlər, aşıqlar yurdu kimi tanınan Qazax eli hər bir
sahədə olduğu kimi, hərb tarixində də həmişə öz sözünü deməyi bacarıb. "Artilleriyanın Allahı" ləqəbini almış Əliağa Şıxlinskinin yurdu olan Qazaxda gənclərimiz üçün Vətənin müdafiəsi
hər zaman ən ümdə vəzifə, ən müqəddəs amal olub. Məhz Aprel döyüşləri
də bir daha sübut etdi ki, Qazaxda necə igid, mətin, dəyanətli, Vətənini,
torpağını sevən, ən əsası da dövlətinə sadiq olan oğullar var və bundan sonra
da olacaqdır. Aprel döyüşləri
zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd
Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu
və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə -
şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha göstərdilər. Bu gün həmin
şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid
olmuş həmyerlimiz kapitan Orucov Mühüd Qurban oğlunun yoxluğundan bizləri 4 il
ayırır. Fərəhli Qazaxın sərhəd kəndidir.
Dağlar qoynunda yerləşən bu kəndin sinəsi daim düşmənə sipər olmuşdur. Nankor
ermənilər müxtəlif illərdə dəfələrlə kəndi atəşə tutmuş, əhalisinə mənəvi və
maddi ziyan vurmuşdur. Lakin fərəhlilər bir gün də olsa, öz yurd-yuvalarını tərk
etməmiş, düşmən qarşısında mərd dayanmışlar. Elə bu səbəbdən də böyüyən yeni nəsil
mərd, qorxmaz, cəsarətli, o cümlədən də düşmənə nifrət hissi ilə böyümüşlər. Mühüd Orucov da belə nəslin
içində böyüyüb boya-başa çatmışdı. Kimin ağlına gələrdi ki, Vətənə olan sevgisi
illər sonra onu qəhrəmana çevirəcək, haqqında dastanlar yazılacaq bir qəhrəmana.13
iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olan Mühüddə torpaq, Vətən, yurd sevgisi, elə-obaya bağlılıq hissi, şəhidlik adlı
zirvəni fəth etmək hələ uşaqlıqdan kiçik qəlbində alovlanan bir qığılcım olub hər
zaman. O istək ki, onu daim arzusunun arxası ilə getməyə səsləyib. 1999-2002-ci
illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbi bitirir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin
Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası
Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunur.
Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat
Tabor Komandiri vəzifəsinə yüksəlir. Dəfələrlə Fəxri Fərmanlarla və 5
medalla təltif olunur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən
xatirə saatı ilə mükafatlandırılır. 2008,
2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə
bitirərək sertifikatlar alır.
İgid Vətən oğlunun torpağa,
el-obaya olan sevgisi hər zaman düşmənə baş əyməyə qoymayıb. O, 2016-cı
il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalaraq bunu bir daha sübut edir. Aprelin 9-da doğulduğu Fərəhli kəndində
böyük izdihamla dəfn olunan Mühüd göstərdiyi şücaətlə bütün gənclərimizə örnəkdir.Mühüd Orucovun Vətən naminə etdikləri dövlət tərəfindən
də yüksək qiymətləndirilib. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə
görə" medalı ilə təltif edilib.
Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsinə, şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı Qazaxda həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Vətən
uğrunda canından keçən digər şəhidlərimiz kimi, Mühüd Orucovun da xatirəsi əziz
tutulur. 2016-cı ildə Qazax şəhərinin mərkəzində
adına bulaq kompleksi tikilib. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir
bulaq Fərəhli kəndinin girişində inşa olunub. 2016-cı ildən Gülanə
Hüseynovanın təşəbbüsü ilə açılmış şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzi
fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik"
Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə
icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş
"Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan
Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunub. Tanınmış
şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr
olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılıb.
Bəli, Mühüd qalib çıxdığı
bütün döyüşlərlə həmişə sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir
və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın
igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən,
bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər
zaman qəlblərdə yaşayırlar. M.Orucov kimi igid Vətən oğullarının göstərdikləri
şücaət bir daha onu sübut etdi ki, Aprel döyüşləri bizi Qarabağda böyük
qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən igid oğullarımızla
bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da
edəcəkdir. Aprel döyüşləri o şanlı qələbədir ki, bu gün də düşmənə sarsıdıcı
zərbələr vurur. 4 il öncə vahiməyə düşən düşmən bu gün də o tarixi andan söz
düşəndə çəkinir. Çünki düşmən yaxşı bilir ki, Azərbaycanda Mühüd Orucov kimi
oğullar hər zaman olub və bundan sonra da olacaqdır. Necə ki, bu gün Mühüdün evində Vüqar və Anar adlı iki əkiz oğul övladı böyüyür. Qazax RİHB
aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi
Facebook-da paylaş