• Təqvim

  • Unutma

  • Maraq



“Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda canından keçən oğullarımızı unutmamalıyıq

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bəli, bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir. Qazaxlılar hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Çünki "Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda, torpaqlarımızın ərazi bütövlüyü naminə döyüşlərdə qəhrəmancasına şəhid olan oğul və qızlarmız bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. O şəxslər ki, ilk və son kəlmələri Vətən olub. Bu gün biz vətəndaşlar da onların xatirəsini daim yaşatmaqla, bizlərə əmanət etdiklərinə sahib çıxmaqla ruhlarını şad etməliyik. Vətən torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də ən ümdə vəzifəmizdir. 

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Əjdər Babayevi, Elşad Sanıyevi, Yusif Vəliyevi, Namiq Vəliyevi, Dursun Allahverənovu, İmran Allahverənovu, Dilqəm Zeynalovu, Ayaz Mehtiyevi, Niyazi Quliyevi, Qulu Yusifovu yad edirik. 

Babayev Əjdər Xalıqverdi oğlu


Babayev Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdür. 1995-ci il 13-17 mart hadisələri Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.

Sanıyev Elşad Şərif oğlu


Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci il ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş və 1990-cı ildə orta məktəbi bitirmişdir. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Sanıyev Elşad Şərif oğlu 17 mart 1993-cü ildə Naxçıvan şəhərində Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur.

Vəliyev Yusif İbrahim oğlu


Vəliyev Yusif İbrahim oğlu 17 mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966–cı ildə Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə getmişdir. 1979–cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Vəliyev Namiq Yusif oğlu


Vəliyev Namiq Yusif oğlu 21 mart 1972-ci ildə Qazax şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə bu gün adını daşıdığı şəhər 5 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. Oxuduğu müddətdə çalışqan, mehriban, nizamlı bir şagird kimi həmişə yoldaşlarından seçilmişdir. 04.06.1990-cı ildən 25.05.1992-ci ilədək Minsk şəhərində Qamel və Zaparoje vilayətində hərbi xidmətdə olmuş, dəfələrlə valideynlərinə təşəkkür məktubları gəlmişdir. Erməni işğalçılarının respublikanın sərhəd kəndlərinə hücum etməsinə dözməyən Namiq 1992-ci ilin iyun ayından könüllü orduya daxil olur və ən ağır döyüş mövqelərində vuruşur. 1992-ci ilin 29 dekabrında isə Barxudarlı kəndinin müdafiəsi zamanı Lələkənddə erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına şəhid olur. Döyüş yoldaşları ilə birlikdə 42 gündən sonra düşməndən nəşi geri qaytarılan Namiq 1993-cü il fevralın 11-də şəhərdə şəhidlər qəbiristanlığında dəfn olunub.

Allahverənov Dursun Vəli oglu


Allahverənov Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.

                                                        Allahverənov İmran Dursun oğlu


Allahverənov İmran Dursun oğlu 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Məktəbi bitirdikdən sonra könüllü olaraq N saylı hərbi hissənin tərkibində Aşağı  Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.                                       

Zeynalov Dilqəm Camal oğlu


Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Səməd Hacıyev adna Orta Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Mehtiyev Ayaz Oruc oğlu


Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir. 

Quliyev Niyazi Allahverdi oğlu


Quliyev Niyazi Allahverdi oğlu 26 fevral 1975-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür. 

Yusifov Qulu Firuddin oğlu


Yusifov Qulu Firuddin oğlu 11 mart 1974-cü ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür. 



Facebook-da paylaş