Şəhidlərimiz bizim qürur mənbəyimizdir
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------- Şəhidlik uca bir zirvə olmaqla
bərabər, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi,
mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər
dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu
qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük
xoşbəxtliyin də elə Vətən yolunda şəhid olmaq olduğunu anlayırıq. Lakin hər bir
insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim
qürur mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız,
məktəblilərimiz, eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Bu gün hər bir
vətəndaş "Bu Vətən bizimdir!”, - deyib canından keçən igid və mərd oğullarını
yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidir. Çünki Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir
Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda
çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri
öyrənməlidir. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda
vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin ən müqəddəs
borcu olmalıdır. Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər
şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda
igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün
bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq
qalıb doğum və anım günü olan şəhidlərimizdən – Rizvan Qasımovun, Ramin Əliquluyevin, Kamal Kazımovun,Elman Musayevin, Rəsul Mirzəliyevin, Ayaz Mehtiyevin, Rövşən Pənahovun, Vasif Haqverdiyevin əziz xatirələrini yad
edirik. Qasımov Rizvan
Eldar oğlu
Qasımov Rizvan Eldar oğlu 20 yanvar 1967-ci ildə Qazax rayonunun Dəmirçilər
kəndində anadan olmuşdur. 1974-82-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində
təhsil almışdır. Təhsilini Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-ci ildə
sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Orada gizir rütbəsi almışdır. Ermənistan-Azərbaycan
münaqişəsi zamanı Rizvan Milli Ordu sıralarına yazılmışdır. O, Qazax rayonunun
sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla vuruşmuşdur. 1994-cü il iyul
ayının 14-də yoldaşlarının dediyinə görə döyüş əmri ilə Ağstafaya gedərkən qəza
nəticəsində həlak olmuşdur. Dəmirçilər kəndində adına şəhid bulağı tikilmişdir. Əliquluyev Ramin Eldar oğlu
Əliquluyev Ramin Eldar oğlu 10
oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar
kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi xidmətə getmişdir.
Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə düşmən gülləsindən şəhid olmuşdur. Subay idi. Kazımov Kamal Abdulla oğlu
Kazımov
Kamal Abdulla oğlu 22 yanvar 1972-ci ildə Qazax rayonunun Əlibayramlı (hazırkı Aslanbəyli)
kəndində anadan olmuşdur. 1979-cu ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd orta məktəbin birinci sinfinə
getmiş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığı
tərəfindən Azərbaycan Ordusu sıralarına
çağırılmışdır. 5 yanvar 1993-cü ildə Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında
dəfn olunmuşdur. Musayev Elman İmran oğlu
Musayev Elman İmran oğlu 24
yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü
ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş, 1981-сi ildə həmin
məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə
daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ
silahlı qüvvələrində Almaniya Federatif Respublikasında hərbi xidmətdə
olmuşdur. "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan
Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli
kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən
avtomat silahla vurulmuşdur. Mirzəliyev Rəsul Məmmədyar oğlu
Mirzəliyev Rəsul Məmmədyar
oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur.
1975-1985-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil almşdır.
1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın
ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7
mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda
Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır. Mehtiyev Ayaz Oruc oğlu
Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü
ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ
markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola
qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid
statusu verilmişdir. Pənahov Rövşən Fərman oğlu
Pənahov Rövşən Fərman oğlu 3
fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.
1982-1993-cü illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəbdə təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Aşağı
Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Haqverdiyev Vasif Mirzə oğlu
Haqverdiyev Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1977-1988-ci illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli
tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi
ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə mart ayının 2-də Ağdərə
rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz
olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır.
Facebook-da paylaş