• Təqvim

  • Unutma

  • Maraq



Tariximizin qürur və şərəf günü olan 20 Yanvardan 30 il ötür


Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz il ötür. Bu faciənin ağrı-acısı ilə yaşayan Azərbaycan xalqı 20 Yanvar gününü hər zaman böyük ehtiramla yad edir. Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Respublika Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncam imzalanıb. Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsi öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. 

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da 20 Yanvar hadisələri hər il silsilə tədbirlərlə anılır, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla yad olunur.

Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq bu gündən rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə start verilib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində, Rayon Statistika İdarəsində, Kommunal Müəssisələr Kombinatında, Mənzil İstismar Sahəsində, Su-Kanal İdarəsində keçirilən anım tədbirlərində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tarixin yaddaşına qanlı hərflərlə yazılmış həmin günə bir daha nəzər salınıb.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən isə 30 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Həmin gün dinc insanların xüsusi qəddarlıqla qətlə yetirilməsi, yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisədən 30 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir. 20 Yanvar faciəsi mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu qanlı qırğın keçmiş SSRİ, Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. O gecə keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını, həmçinin iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdur. Respublikanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin isə bu faciədən sonra da yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən əllərini çəkmədilər. Həmin vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev onların əksinə olaraq, həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Ümummilli Lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, müzakirələrin yekunu olaraq həmin ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.Beləliklə, 1994-cü il martın 29-da Ümummilli Liderin təşəbbüsü ilə 20 Yanvar faciəsi ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymətini aldı.





 

 

GOYEZEN.AZ



Facebook-da paylaş