• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Tədbirlər planı hazırlanıb


Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Respublika Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncam imzalanıb. Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı Tədbirlər planının hazırlanması və onun həyata keçirilməsi öz əksini tapıb.

Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən Tədbirlər planı hazırlanıb.

Tədbirlər planında şəhərdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbirlərin təşkil edilməsi, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə əlaqədar tədbirlərin keçirilməsi tövsiyə olunub.

Tədbirlər planında Qanlı Yanvar faciəsinin mahiyyətini əks etdirən konfrans və toplantıların, həmçinin mühazirələrin təşkil edilməsi də öz əksini tapıb. Eyni zamanda rayonda yerləşən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsi ilə əlaqədar tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi qeyd olunub.

Rayonun təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərsin aparılması da Tədbirlər planında göstərilib.

Şəhidlər xiyananında gün boyu matəm musiqisinin səsləndirilməsinin təmin edilməsi, Qazax rayonunda 20 Yanvar günü Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, avtomobillər vasitəsilə səs siqnallarının verilməsi tədbirlər planında qeyd edilib.

Tədbirlər planında şəhər və kəndlərdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağının endirilməsi də nəzərdə tutulub.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı təşkil edilən tədbirlərin Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında və Goyezen.az internet portalında geniş işıqlandırılması tədbirlər planında vurğulanıb.

Tədbirlər planında qeyd olunan bütün məsələlərlə bağlı aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlar verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş