Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır
Öz məzmununa görə çoxşaxəli
olan "Vətənpərvərlik” məfhumu. Bu elə bir məfhumdur ki, onu heç bir sözlə
əvəz etmək mümkün deyil. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına
məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss öz
dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi, keçmişi, dünəni
və bu günü ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir.
Müstəqil dövlət quruculuğu yolunda gənc və yeniyetmələrin üzərinə böyük və məsuliyyətli
vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə
çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə
yetirə bilir. Hazırda torpaqlarımızın iyirmi faizdən çoxu işğal altındadır. Bir
milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir
çətin zamanda mərd, sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də
gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi
sahəsində görülən işlərə hər birimiz səfərbər olmalıyıq. Gənc nəslin milli
vətənpərvərlik ruhunda tərbiyə edilməsində başlıca amillərdən biri isə xalqımızın
azadlığı uğrunda canından keçən igid oğul və qızlarımızın keçdikləri döyüş
yollarını nümunə göstərməkdir. Çünki bütün
yüksəkliklərdən ucada dayanan bir zirvə var ki, o da şəhidlik zirvəsidir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından,
qanından keçərək şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan
oğullarımızı tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bu gün minlərlə
şəhidi olan Azərbaycanda elə bir bölgə, elə bir kənd və qəsəbə tapılmaz ki,
orada bir şəhid məzarı olmasın. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan
Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər
şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda
igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq
qalıb doğum və anım günü olan şəhidlərimizdən – Nizami Məmmədovun, Kamran Kərimovun, Babək
Rüstəmovun, Kərim Əsgərovun, Bəxtiyar Əmrahovun, Əmir Vəliyevin, Elnarə Rəhimovanın,
Akif Budaqovun, Aliyə Əliyevanın, Şahməddin Murquzovun, Rəşad Əliyevin, Asif Rəhimovun,
Fidat Məmmədovun, Şiddət Məmmədovun, Kamal Kazımovun, Gündüz Sadıqovun, Elçin İsmayılovun əziz
xatirələrini yad edirik. Məmmədov Nizami Səhrəd oğlu Məmmədov
Nizami Səhrəd oğlu 10 oktyabr 1974-cü ildə Qazax rayonunun Ağköynək kəndində
anadan olmuşdur. Hərbi xidmətdə olmayıb. 1 yanvar 1997-ci il tarixdə gecə erməni
kəşfiyyatçısı tərəfindən öz evlərində qətlə yetirilmişdir. Subay idi. Mərhum
Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir. Kərimov Kamran Nüsrəddin oğlu Kərimov
Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə
daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı
illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə məktəbini bitirərək mexanizator ixtisasına yiyələnmişdir. 1992-ci
ildə könüllü Azərbaycan Milli Ordu sıralarına yazılaraq tank taborunda xidmət etmişdir. 8 iyun 1992-ci il tarixdə Fərəhli kəndində gedən döyüşlərdə
qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid
olmuşdur. Qazax şəhərində Şəhidlər qəbiristanlığında
dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi Kərimov Kamran Nüsrəddin oğlunun adını
daşıyır. Evli idi. Bir qız övladı var. Rüstəmov Babək Muraz oğlu
Rüstəmov
Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd məktəbinin birinci sinfinə daxil
olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov
Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən
döyüşlərdə şəhid olmuşdur. Subay idi. Əsgərov Kərim Qinyaz oğlu
Əsgərov
Kərim Qinyaz oğlu 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1977-ci ildə Kosalar kənd orta məktəbin birinci sinfinə daxil olmuş,
1987-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1988-90-cı illərdə
sovet ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli
Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş
zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi
ilə itkin düşmüş hesab edilmişdir. Subay idi. Əmrahov Bəxtiyar Əziz oğlu
Əmrahov
Bəxtiyar Əziz oğlu 1 yanvar 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1967-ci ildə Çaylı kənd 1
saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin orta məktəbi bitirmişdir. Çingiz İldırım adına
Azərbaycan Politexnik Universitetinə daxil olmuş və orada təhsil almışdır. Bakı
şəhərində mexanika sahəsi üzrə işləmişdir. Əmrahov Bəxtiyar Əziz oğlu 24 mart 1990-cı
ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər
tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə
yandırılmışdır. Vəliyev Əmir İsmayıl oğlu
Vəliyev
Əmir İsmayıl oğlu 1 yanvar 1972-ci ildə
Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə
Abbasbəyli kənd ibtidai məktəbində I-IV siniflərdə təhsil almışdır.
1983-1989-cu illərdə Alpout kənd tam orta məktəbində təhsilini davam
etdirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. 28 fevral 1994-cü ildə
torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay
idi. Rəhimova Elnarə Faiq qızı
Rəhimova
Elnarə Faiq qızı 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində
anadan olmuşdur. 1989-cu ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə
daxil olmuş, 1993-сü ildə Bala Cəfərli kənd ibtidai məktəbin dördüncü sinfini
bitirmişdir. 1993-сü ildə Qazax şəhər internat məktəbə daxil olmuşdur. 2 yanvar
2000-ci ildə evlərində otaqda olarkən ermənilər tərəfindən snayper silahla
vurulmuşdur. Budaqov Akif Məmmədxan oğlu
Budaqov
Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci
ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may
1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var. Əliyeva Aliyə Fərhad qızı Əliyeva
Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1983-cü ildə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2
saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1992-ci ildə oktyabr
ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15
yaşlı Aliyənin gənc ömrünə son qoydu. Murquzov Şahməddin Sabir oğlu
Murquzov
Şahməddin Sabir oğlu 7 yanvar 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində
anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. Gəncə şəhərində inşaat sahəsi
üzrə texnikomda təhsil almış və orada işləmişdir. Murquzov Şahməddin Sabir oğlu
4 yanvar 1994-cü ildə Murov dağı ətrafındakı ərazilərdə gedən döyüşlərdə şəhid
olmuşdur. Ailəli idi, 2 övladı var. Əliyev Rəşad Vidadi oğlu
Əliyev
Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 saylı orta məktəbin birinci sinfinə daxil
olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-1983-cü
ildə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Əliyev Rəşad
Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən döyüşlərdə şəhid
olmuşdur. Rəhimov Asif Qəzənfər oğlu
Rəhimov
Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta
məktəbə getmiş və 1991-ci ildə orta məktəbi
bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci
ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhəddində Kəmərli döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məmmədov Fidat Əhməd oğlu
Məmmədov
Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd
2 saylı tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi
ordusunda hərbi xidmətdə olmuşdur. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki
peşə məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa
rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Məmmədov Şiddət Məmməd oğlu
Məmmədov
Şiddət Məmməd oğlu 5 yanvar 1972-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd məktəbinin birinci sinfinə daxil
olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Məmmədov Şiddət Məmməd oğlu 30
iyun 2000-ci ildə Quşçu Ayrım kəndi ərazisində ot gətirən zaman düşmənin açdığı
atəş nəticəsində şəhid olmuşdur. Subay idi. Kazımov Kamal Abdulla oğlu
Kazımov
Kamal Abdulla oğlu 22 yanvar 1972-ci ildə Qazax rayonunun Əlibayramlı (hazırkı Aslanbəyli)
kəndində anadan olmuşdur. 1979-cu ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd orta məktəbin birinci sinfinə
getmiş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığı
tərəfindən Azərbaycan Ordusu sıralarına
çağırılmışdır. 5 yanvar 1993-cü ildə Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında
dəfn olunmuşdur. Sadıqov Gündüz Əhəd oğlu
Sadıqov
Gündüz Əhəd oğlu 29 iyun 1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1969-cu ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci
sinfinə getmişdir. 1979-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş
SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 yanvar 1994-cü
ildə şəhid olmuşdur. İsmayılov
Elçin Murğuz oğlu
İsmayılov Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə
Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1987-ci ildə Kosalar kənd orta məktəbinin birinci sinfinə daxil
olmuş, 1997-ci ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1998-ci il yanvar ayının 8-də Qazax
rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmşdır. 1999-cu
il fervralın 16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərdən birində qəhrəmancasına
şəhid olmuşdur.Şəhidlərimizi
tanıyaq və tanıdaq-----------
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz
olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır.
Facebook-da paylaş