Şəhidlik - ölümsüzlük zirvəsidir
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar
uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik
verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlər
bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız,
fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətən, torpaq
uğrunda canından keçənlər, özlərini fəda edənlər isə ölmürlər, aylar, illər, fəsillər
keçdikcə onların göstərdikləri rəşadət dillərdə gəzir, nəsillərdən-nəsillərə
ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl
ucaldır. Şəhidlik – ölümsüzlük adlı müqəddəs bir zirvədir. Azadlığımızı
canı ilə qazanıb, qanı ilə yazanları, həmin zirvəni bir göz qırpımında fəth
edənləri yad etmək, xatırlamaq hər birimizin üzərinə düşən ən müqəddəs
vəzifədir. Belə şərəfli ömür sahiblərinin qəhrəmanlıqlarını gənc
nəsillərə çatdırmaq hər kəsin borcu olmalıdır. Bu gün düşmənlə
168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər
şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda
igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Bu gün
rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq
qalıb doğum və anım günü olan şəhidlərimizdən – Mehman Quliyevin, Surxay Məmmədovun, Ənvər Abdullayevin, Məmməd Rəhimovun, Aliyə Əliyevanın, Sahib Binnətovun,
Babək Quluyevin, İslam Əliyevin, Cavid Omarovun, Baləgədə Hacıyevin əziz xatirələrini yad edirik. Quliyev Mehman Allahverən oğlu Quliyev Mehman Allahverən oğlu
23 oktyabr 1972-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan
olmuşdur. 1979-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 23 may 1994-cü ildə
Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi. Məmmədov Surxay Nəsib oğlu Məmmədov Surxay Nəsib oğlu 25
oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü ildə Aşağı Əskipara kənd tam orta
məktəbin birinci sinfinə getmişdir. 1983-cü ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 21 iyun 1992-ci ildə şəhid
olmuşdur. Abdullayev Ənvər Abdulla oğlu
Abdullayev Ənvər Abdulla oğlu
25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur.
1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş,
1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycanın
ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi
uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Rəhimov Məmməd Məhəmməd oğlu Rəhimov Məmməd Məhəmməd oğlu 20
aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə
Qazax rayonunun Daş Salahlı kəndindəki sovxozda zootexnik kimi başlamış və
ömrünün sonunadək öz peşəsini davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də
Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində
şəhid olmuşdur. Ailəli idi. 4 övladı var. Əliyeva Aliyə Fərhad qızı Əliyeva Aliyə Fərhad qızı 2
yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.
1983-cü ildə Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil
olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin
mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son qoydu. Binnətov Sahib Məşədi oğlu Binnətov Sahib Məşədi oğlu 1
noyabr 1962-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1968-ci il ildə Çaylı kənd 2
nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin
səkkizinci sinfini bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta
məktəbdə təhsil alaraq 10 illik tam orta məktəbi bitirmişdir. Binnətov Sahib Məşədi
oğlu 26 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Quluyev Babək Eldar oğlu Quluyev Babək Eldar oğlu 27 oktyabr
1973-cü ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax rayon Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin onuncu
sinfini bitirmişdir. 1992-ci ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə başlamışdır. Xidmət dövründə
artileriya ilə düşmənin bir neçə texnikalarını sıradan çıxarmışdır. Quluyev Babək Eldar oğlu 10 dekabr 1993-cü ildə
Quşçu Ayrım kəndinə düşmənin basqını zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Subay idi. Atası və anası hazırda Qazax şəhərində yaşayırlar. Əliyev İslam Məmməd oğlu Əliyev İslam Məmməd oğlu
1936-cı ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. İbtidai təhsil
almışdır. Kolxoz və sovxozda çalışmışdır. 27 oktyabr 1999-cu ildə Məzəm kəndi ərazisində
qoyun otararkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli
idi. 3 övladı var. Omarov Cavid Hüseynəli oğlu Omarov Cavid Hüseynəli oğlu 27
oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar
kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Qazax
zonasında xidmət etmişdir. 18 dekabr 1993-cü ildə şəhid olmuşdur. Evlidir. 2
övladı var. Hacıyev Baləgədə Həsən oğlu Hacıyev Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1958-ci ildə
həmin məktəbin onuncu sinfini bitirmişdir. 1959-62-ci illərdə Xaborovski şəhərində
hərbi xidmətdə olmuşdur. 1963-cü ildən
ömrünün sonuna qədər mexanizator vəzifəsində
işləmişdir. 27 oktyabr 1991-ci ildə şəhid olmuşdur.Şəhidlərimizi tanıyaq və tanıdaq-----------
Facebook-da paylaş