Şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq
Şəhidlərimizi tanıyaq və
tanıdaq----------------------------------------- Özlərinə əbədiyyət heykəli ucaldan şəhidlər
xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq. Neçə illər
keçsə də, onların Vətən və xalq naminə gördükləri işə yüksək dəyər veriləcək. Onların
Vətəninə, xalqına, millətinə olan sevgisi, ölümün gözünə dik baxaraq şəhid
olmaq istəkləri hər zaman yaddaşlara dərin izlərlə həkk olunacaqdır. Dövlət-ordu-xalq
birliyi hər zaman tam olsun deyə düşmən gülləsinə sinə gərən oğullarımız nəinki
indiki, eləcə də gələcək nəsillər üçün örnək olacaqdır. Vətənin müdafiəsi
uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü
naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir
Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu
bilməlidir. Vətəni qorumaq kimi müqəddəs
bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını
yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların
adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən
müqəddəs vəzifəsi və borcu olmalıdır. Bu gün düşmənlə 168 km məsafədə
sərhəddi olan Qazax rayonunun Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5
kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz
tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək
səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin
ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir
edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və
şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir
əyani sübutudur. Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş
çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş
lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda
keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər
mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar
alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər
ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayırlar. GOYEZEN.AZ saytının Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini
yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq
bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım
günü olan şəhidlərimizdən – Nüsrəddin Pirvəliyevin, Şərif Namazovun, İsmandiyar Mürsəlovun, İlham İsmayılovun, Əmrah Vəliyevin əziz xatirələrini yad edirik. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu Pirvəliyev Nüsrəddin Hüseyn
oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1964-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil
olmuşdur. 1975-ci ildə məktəbi bitirmiş və sovet ordusu sıralarına
yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 17 sentyabr
2010-cu ildə Kəmərli kəndində hərbi hissə tikintisində çalışan zaman erməni
silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. Namazov Şərif Yolçu oğlu Namazov Şərif Yolçu oğlu 18
sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin birinci sinfinə daxil olmuş,
daha sonra Aşağı Əskipara kənd tam orta məktəbində oxumuşdur. 1965-ci ildə orta
məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir. Ordudan tərxis
olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun 1992-ci ildə erməni
silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını zamanı şəhid olmuşdur.
Ailəli idi. 2 övladı var. Mürsəlov
İsmandiyar Musa oğlu Mürsəlov İsmandiyar Musa oğlu
18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur.
1940-cı ildə Cəfərli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1948-ci
ildə həmin məktəbin yeddinci sinfini bitirmişdir. 1952-1955-ci illərdə SSRİ
silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət etmişdir. Qazax rayon yol-istismar idarəsində
fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli kəndində evindən çıxıb öz
mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə vurulmuşdur. İsmayılov İlham Məhəmməd oğlu İsmayılov İlham Məhəmməd oğlu
20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu
ildə Kəmərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1979-cu ildə
məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi
xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə
fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağrılmış,
erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də
beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə
qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı
var. Vəliyev Əmrah İsgəndər oğlu Vəliyev Əmrah İsgəndər oğlu 27
yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş,
1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah
İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən
zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Facebook-da paylaş