Vətən Sizinlə qürur duyur!
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------- VƏTƏN. Nədir Vətən? Niyə sevməliyik Vətəni? Nədir bu məfhum? Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda
canımızı verəcəyimiz torpaq bütünüdür. Bir qarışı üçün heç düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir.
Bəli, ən yüksək vətənpərvərlik hissinə sahib olanlar həmişə yadelli işğalçılara qarşı
qəhrəmancasına mübarizə aparmaq, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə
dik baxmaqdan bir an belə tərəddüd etmirlər. Vətənpərvərliyin ən ali məqamı da - şəhidlikdir. Bu zirvəyə ucalmağı
özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları,
Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə
adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar.Onların keçdiyi
döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq,
şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə
göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu
olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu
şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Qazax rayonu da Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verib. 7 nəfər igid
oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə
sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim
düşmən gülləsinin atəşinə məruz qalır. Rayonumuzda Vətənin
müstəqilliyi və ərazi bütövlüyü hər şeydən üstün tutulur. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Bu gün sevindirici haldır
ki, rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər
və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər
düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayırlar. GOYEZEN.AZ saytının Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini
yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq
bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım
günü olan şəhidlərimizdən – İsə Almazovun, Adil
Qocayevin, İbrahim İbrahimovun, Fərman
Heydarovun, Vüqar
Nəbiyevin, Mehdi İsgəndərovun, Alı Mollayevin,
Sərdar Hüseynovun, Aslan Məmmədovun, Ənvər Abdullayevin, İslam Xəlilovun, Yusif
Vəliyevin, Məmməd Məmmədovun, Məhəmməd Əsgərovun, Dilqəm Zeynalovun əziz xatirələrini yad edirik. Almazov İsə Ziyad oğlu Baş gizir Almazov İsə Ziyad
oğlu 20 iyun 1977-ci il tarixində Qazax rayonunun Cəfərli kəndində anadan
olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə
kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi
hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir.
2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət
etmişdir. 13.01.2001-ci ildə gizir,
29.06.2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri
nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin
müvafiq əmrləri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının
90 illiyi” və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95
illiyi” yubiley medalları ilə təltif olunmuşdur. Baş gizir Almazov İsə Ziyad
oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində Qazax rayonunun Kəmərli
kəndi istiqamətində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş
döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq
başından aldığı güllə yarasından həlak olmuşdur. Baş gizir İ.Almazov xidmət
etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq
tərəfindən mükafatlandırılmışdır. Baş gizir İ.Almazov bütün
kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə
idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağın müdafiəsində şəhid
olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz
xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Baş gizir İ.Almazov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3
avqust 2014-cü il tarixli Əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə
fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Qocayev Adil Hüseynqulu oğlu Qocayev Adil Hüseynqulu oğlu
29 iyul 1966-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci
ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə orta məktəbi bitirmişdir.
1984-cü ildə SSRİ ordusuna hərbi xidmətə getmiş və 2 il hərbi xidmətdə
olmuşdur. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə
iştirak etmişdir. Adil Qocayev 24 iyul 1993-cü ildə Fərəhli kəndində gedən
döyüşlərdə minaya düşərək şəhid olmuşdur. İbrahimov İbrahim Hətəm oğlu İbrahimov İbrahim Hətəm oğlu 6
iyun 1948-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur.
1955-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş və
dördüncü sinfə kimi oxumuşdur. Beşinci sinifdən səkkizinci sinfə kimi Cəfərli kənd
tam orta məktəbində oxumuşdur.1963-cü ildə Qazax şəhər 1 N-li tam orta məktəbin
doqquzuncu sinfinə daxil olmuş, 1965-ci ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. 1967-1969-cu illərdə SSRİ silahlı qüvvələrində Ukrayna
Respublikasında xidmət etmişdir. Qazax rayon TTK-da sürücü işləmişdir. 29 iyul
2000-ci ildə Bala Cəfərli kəndində öz mal-qarasını otararkən ermənilər tərəfindən
vurulmuşdur. Heydarov Fərman Alı oğlu Heydərov Fərman Alı oğlu 29
iyul 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur.
1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 22 may 1995-ci ildə
rayonun Xanlıqlar kəndində "Kar Qaya” istiqamətində gedən döyüşlərdə şəhid
olmuşdur. Məzarı Aşağı Salahlı kənd qəbiristanlığındadır. Nəbiyev
Vüqar Müzəffər oğlu Nəbiyev Vüqar Müzəffər oğlu 1 avqust 1967-ci
ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuşdur. 1974-cü ildə yaşadığı
kənddə birinci sinifə daxil olmuşdur. 1984-cü ildə həmin orta məktəbi
bitirmişdir. 1985-1987-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur.
1988-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gələrək ailə həyatı
qurmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduda xidmət etməyə başlamışdır. 2
fevral 1993-cü ildə döyüş zamanı itkin düşmüşdür. 2006-cı ildə Qazax rayon Məhkəməsinin
qərarı ilə şəhid statusu almışdır. Ailəlidir və bir oğlu var. İsgəndərov Mehdi Nəsrəddin oğlu İsgəndərov Mehdi Nəsrəddin
oğlu 1 avqust 1953-cü ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan
olmuşdur. 1960-cı ildə Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbə
daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1 aprel 1990-cı ildə Qazax
rayonunun Yuxarı Əskipara kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli
idi. İki övladı var. Mollayev Alı Vəli oğlu Mollayev Alı Vəli oğlu 1 avqust
1956-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1963-cü ildə
Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ilə məktəbi
bitirərək sovet ordusu sıralarına çağırılmışdır. Ordu sıralarından tərxis
olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Mollayev Alı Vəli oğlu 12
avqust 1998-ci ildə Quşçu Ayrım kəndində odun gətirən zaman ermənilər tərəfindən
basdırılmış minaya düşərək şəhid olmuşdur. Ailəli idi. İki övladı var. Hüseynov Sərdar Aydın oğlu Hüseynov Sərdar Aydın oğlu 2 avqust
1968-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbinin
birinci sinfinə daxil olmuş, 1983-cü ildə
həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1983-85-ci illərdə M.Hüseyn
adına internat orta məktəbinin onuncu sinfini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət
etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd
Feldşer-Mama məntəqəsinin müdiri işləmişdir.
24 sentyabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi. Məmmədov Aslan Dursun oğlu Məmmədov Aslan Dursun oğlu 2
avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə
Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə
Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Məmmədov
Aslan Dursun oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmənin açdığı
atəş nəticəsində şəhid olmuşdur. Subay idi. Abdullayev Ənvər Abdulla oğlu Abdullayev Ənvər Abdulla oğlu
25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur.
1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş,
1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycanın
ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi
uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Xəlilov İslam Mahmud oğlu Xəlilov İslam Mahmud oğlu 5
iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində
anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbinin birinci sinfinə
getmiş, 1957-ci ildə məktəbin səkkizinci sinfini bitirmişdir. Sovet ordusu sıralarında
xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir.
2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan
Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid
olmuşdur. Vəliyev
Yusif İbrahim oğlu Vəliyev Yusif İbrahim oğlu 17
mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966–cı ildə Əlibayramlı
(hazırkı Aslanbəyli) kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə
həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə
getmişdir. 1979–cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli
texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust
1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində
ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Məmmədov Məmməd Zahid oğlu Məmmədov Məmməd Zahid oğlu 3
avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin
birinci sinfinə daxil olmuş və 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu
illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd
Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid
olmuşdur. Əsgərov
Məhəmməd İsmayıl oğlu Əsgərov Məhəmməd İsmayıl oğlu
30 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1965-ci
ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu yaşayış məntəqəsinə köçərək
orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə qayıtmış, kənddə müxtəlif işlərdə
fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də minaya düşərək şəhid olmuşdur. Zeynalov Dilqəm Camal oğlu Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü
ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Orta
Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin
məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş,
21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid
olmuşdur.
Facebook-da paylaş