Şəhidlərimiz – iftixar yerimizdir
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------- Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara
qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün
gözünə dik baxan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları. Vətən
naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını
şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq,
onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan
vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə
ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü
uğrunda 280-dən artıq şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan
rayonun Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5
kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü
hər şeydən üstün tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı
həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən
şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir
edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və
şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir
əyani sübutudur. Bu gün sevindirici haldır ki, rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda
canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da
artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə
Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz
açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha
onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. GOYEZEN.AZ saytının Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq
qalaraq doğum və anım günü olan şəhidlərimizdən – Arzu Nəbiyevin, Ruslan Hüseynovun,
Yusif Ayvazovun, Xədicə Kazımovanın, Məzahir Barıyevin, Əli Əhmədovun, Nəsir
Yusifovun, Mahmud Mahmudovun, Adil Qocayevin, Xəyyam Yaqubovun əziz xatirələrini yad edirik. Nəbiyev Arzu Abdulla oğlu Nəbiyev Arzu Abdulla oğlu 10
aprel 1965-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1972-ci
ildə Alpout kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1980-ci ildə
həmin məktəbi bitirmişdir. Elə həmin ildə Qazax rayonundakı Kənd Təsərrüfatı
Texnikumuna qəbul olmuşdur. 1983-1985-ci illərdə Ermənistanın Lalaxan rayonunda
hərbi xidmət keçmişdir. Muxtar Hacıyev adına sovxozda işləyərək evin tək oğlu olduğuna baxmayaraq könüllü
olaraq Milli Orduya qoşulmuşdur. 1990-1993-cü illərdə Qazax rayonunun Quşçu
Ayrım və Fərəhli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Topçu olan Arzu Nəbiyev 22 iyul 1993-cü ildə Fərəhli kəndində yerləşən Odun
dağı adlanan ərazidə minaya düşərək şəhid olmuşdur. 1994-cü ildə ölümündən sonra
"Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Ailəliydi. İki
övladı yadigar qalmışdır. Hüseynov Ruslan İsfəndiyar oğlu Hüseynov Ruslan İsfəndiyar
oğlu 3 oktyabr 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.
1979-cu ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və
1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-cu ildə hərbi xidmətə getmişdir.
825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən
Ruslan Hüseynov 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində
minaya düşərək şəhid olmuşdur. Ayvazov Yusif Süleyman oğlu Ayvazov Yusif Süleyman oğlu 4
sentyabr 1968-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1974-cü il ildə Çaylı kənd 1
saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1985-ci ildə orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə
SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət
etmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə
iştirak edən Yusif Ayvazov 22 iyul 1993-cü ildə Fərəhli kəndində minaya düşərək
şəhid olmuşdur. Kazımova Xədicə İsmayıl qızı Kazımova Xədicə İsmayıl qızı 22 iyul 1987-ci ildə
Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 7 fevral 1993-cü ildə Kəmərli
kəndində ermənilərin atdığı mərminin dəyməsi nəticəsində şəhid olmuşdur. Barıyev Məzahir Məhəmməd oğlu Barıyev Məzahir Məhəmməd oğlu
14 dekabr 1968-ci ildə Aslanbəyli kəndində anadan olmuşdur. 1978-ci ildə Aslanbəyli
kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1986-cı ildə məktəbi bitirmişdir.
1989-cu ildə Yuxarı Salahlı kənd Peşə məktəbini də bitirmişdir. 1989-1991-ci
illərdə Rusiya Federasiyasının Murmansk vilayətində hərbi xidmətdə olmuşdur.
1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1993-cü ilin
22 iyulunda Fərəhli kəndində gedən döyüş zamanı şəhid olmuşdur. Əhmədov Əli Əlövsət oğlu Əhmədov Əli Əlövsət oğlu 23
iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu
ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin
səkkizinci sinfini bitirmişdir. Sonra isə 117 saylı Texniki Peşə Məktəbində
qaynaqçı ixtisasına yiyələnmişdir. 1990-92-ci illərdə SSRİ-nin
Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra
torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini
yarımçıq qoymuş, Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu
sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat
komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala və Böyük Cəfərlinin
müdafiəsi uğurunda gedən döyüşlərdə o, mərdliklə iştirak etmişdir. 1992-ci il dekabr ayının 29-da
İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına
şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta
məktəbi onun adına verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur. Yusifov Nəsir Səməd oğlu Yusifov Nəsir Səməd oğlu 16
may 1966–cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü
ildə Qazaxbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə
həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Ermənilərə qarşı döyüşdə könüllü
dəstədə iştirak edən Nəsir Yusifov 23 iyul 1993-cü ildə şəhid olmuşdur. Ailəliydi,
2 övladı var. Mahmudov Mahmud Abdulla oğlu Mahmudov Mahmud Abdulla oğlu
23 iyul 1971-ci ildə Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə
Yuxarı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə
həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Milli Orduya xidmətə
çağırılmışdır. 15 iyun 1993-cü ildə Məzəm kəndində gedən döyüşlərdə minaya düşərək
şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir. Qocayev Adil Hüseynqulu oğlu Qocayev Adil Hüseynqulu oğlu
29 iyul 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü
ildə Çaylı kənd 2 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə
həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-1983-cü illərdə Çaylı kənd
1 saylı orta məktəbin X-XI sinfini bitirmişdir. Hərbi xidmətə gedənə qədər ailəsi
ilə birlikdə kənddə üzümçülük briqadasında fəhlə işləmişdir. 2 il sovetlər
birliyində hərbi xidmətdə olmuşdur. Qayıtdıqdan sonra yenə də təsərrüfatda işləmişdir.
1990-cı ildə könüllü olaraq Azərbaycan Ordusu sıralarına yazılmış, kənddə
yaradılan batalyonun üzvü olmuşdur. 22 iyul 1993-cü ildə Fərəhli kəndi istiqamətində
gedən döyüşlərdə minaya düşərək ağır yaralanmışdır. Yarası ağır olduğundan 24
iyulda vəfat etmişdir. Subay idi. Adını əbədiləşdirmək üçün kənddə yaşadığı məhləyə
yaxın bir ədəd bulaq çəkilmişdir. Yaqubov Xəyyam Şəmistan oğlu Yaqubov Xəyyam Şəmistan oğlu
27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur.
1980-ci ildə Qazax şəhər 3 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş,
1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Həmin ildən 1990-cı
ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci
ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini
N saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala
Cəfərlidə gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi.
Facebook-da paylaş