Şəhidlər ölmürlər, zaman keçdikcə əfsanəyə çevrilirlər
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------- Şəhidlik! Ən müqəddəs və ən
uca zirvə. Şəhidlik - ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun
başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq
deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir,
daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə
seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür. Vətənin müdafiəsi uğrunda
canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün
canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan
vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu
bilməlidir. Vətəni qorumaq kimi müqəddəs
bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını
yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim
hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Qazax rayonu da Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verib. 7 nəfər igid
oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə
sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskiparavə Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Rayonumuzda Vətənin
müstəqilliyi və ərazi bütövlüyü hər şeydən üstün tutulur. Şəhidlərimizə, onların ailə
üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə
başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması,
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi,
əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində
yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da
şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Bu gün sevindirici haldır ki,
rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və
qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər
düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz
xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu
müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur,
rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur
duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda torpaqlarımızın
azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin
qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya
anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri
igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün
bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi
isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım günü olan
şəhidlərimizdən – Alı
Eminovun, Vüqar Həsənovun, Dursun Allahverənovun, Çərkəz Həsənovun, Məhəmməd
Qəhrəmanovun, İsmayıl
Musayevin əziz xatirələrini yad edirik. Eminov Alı Məhəmməd oğlu Eminov
Alı Məhəmməd oğlu 15 iyul 1970-ci ildə Qazax rayonunun Əli Bayramlı
(hazırkı Aslanbəyli) kəndində anadan
olmuşdur. 1976-cı ildə Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin birinci sinfinə getmiş,
1986-cı ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax
rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 27
aprel 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndinin Ermənistan Respublikası ilə sərhədində minaya
düşərək şəhid olmuşdur. Aslanbəyli kənd
qəbiristanlığında dəfn olunmuşdur. Həsənov Vüqar Eldar oğlu Həsənov
Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci
ildə Qaratel Hacımahmudova adına ümumi orta məktəbə daxil olmuş, IX sinfi
bitirdikdən sonra Xanlıqlar kəndində X-XI sinfi oxumuşdur. Eyni zamanda, Qazax
şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə
getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində
torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər
xiyabanına dəfn edilmişdir. Allahverənov
Dursun Vəli oglu Allahverənov
Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci
sinfinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə
olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni
işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə
Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran
Dursun oğlu ilə birlikdə şəhid olmuşdur. Həsənov Çərkəz Muxtar oğlu Şəhid
Həsənov Çərkəz Muxtar oğlu 21 fevral 1966–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində
zəhmətkeş ailəsində anadan olmuşdur. 1973-cü ildə Xanlıqlar kənd tam orta məktəbinin
I sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin X sinfini bitirmişdir.
1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1990-cı
ildə Qazax rayon Polis Şöbəsində polis nəfəri kimi iş fəaliyyətinə başlamışdır.
18 iyul 1992-ci ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə itkin
düşmüşdür. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərarı ilə ölmüş hesab
edilmişdir. Evlidir. 2 övladı var. Ailəsi Gəncə şəhərində qeydiyyatdadır. Dövlət
tərəfindən ailəsi evlə təmin olunmuşdur. Qəhrəmanov Məhəmməd Maksim oğlu Qəhrəmanov
Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbinin I sinifinə daxil
olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski şəhərinə hərbi xidmətə yola
salınmışdır. 1985-ci ildə hərbi xidmətdən təxris olunmuşdur. Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə
işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü
ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid
olmuşdur. Ailəli idi, bir qızı var. Musayev İsmayıl Ürfət oğlu Musayev
İsmayıl Ürfət oğlu 27 aprel 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində
anadan olmuşdur. 1979-cu ildə kənd məktəbinə getmiş və 1987-ci ildə səkkizinci
sinfi bitirmişdir. 117 saylı texniki peşə məktəbində təhsilini davam
etdirmişdir. 1992-ci
ilin əvvəllərində hərbi komissarlığa müraciət etmiş İsmayıl Musayevi 707 saylı
hərbi hissənin 1-ci taborunda xidmət etməyə göndərmişlər. Bir
ay təlim keçdikdən sonra İsmayıl Bala Cəfərli, Böyük Cəfərli və Ballıqaya yüksəkliyi
uğrunda gedən döyüşlərdə iştirak etmiş, öz qorxmazlığı ilə yoldaşlarına nümunə
olmuşdur. Lakin belə igid bir döyüşçünün döyüş yolu çox qısa olmuşdur. O,
1992-ci il iyul ayının 20-də Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına
vuruşmuş və 19 yaşında şəhidlik zirvəsinə ucalmışdır.
Facebook-da paylaş