• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Vətənpərvər Azərbaycan gənci” adlı tədbir keçirilib


Bu gün Qazaxda Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Dağ Yəhudiləri Dini İcması və Veteran Tankçılar Birliyi tərəfindən Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş "Vətənpərvər Azərbaycan gənci” adlı tədbir keçirilib.

Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Gənclər Fondunda Gənclər şöbəsinin aparıcı mütəxəssisi Emil Yusifov, Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının nümayəndəsi Georgiy Sergey Stepanoviç, Qarabağ müharibəsi veteranları, məktəb direktorları, gənc müəllimlər, rayonun şəhər və kəndlər üzrə idarə, müəssisə və təşkilatlarında çalışan, eləcə də yaşayan gənclər, Milli Qəhrəman Albert Aqarunovun döyüş yoldaşları, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra "Milli Qəhrəman Albert Aqarunovun həyat yolu” adlı film nümayiş olunub.



 

 

Tədbirin aparıcısı, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək bugünkü tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Gənclər Fondunun dəstəyi ilə Mərkəz olaraq vətənpərvərlik mövzularında keçirdikləri tədbirlərdən, reallaşdırdıqları layihələrdən danışıb. Qazax rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunmaları üçün silsilə tədbirlər, idman yarışları, müsabiqələr təşkil etdiklərini qeyd edib. 

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək rayon rəhbərliyinin adından qonaqları salamlayıb, düşmənlə sərhəddə yerləşən Qazax rayonunda vətənpərvər ruhlu tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib. Vətən torpaqlarının ərazi bütövlüyünün qorunması zamanı Qazax rayonunun da xeyli sayda şəhid verdiyini bildirib. Müavin çıxışı zamanı bildirib ki, filmdə Milli Qəhrəmanın çıxışını dinləyən zaman bir daha əmin olduq ki, Vətəni dinindən, irqindən, milliyyətindən asılı olmadan sevmək, qorumaq, uğrunda qan tökmək, canlar fəda etmək hər bir vətəndaşın borcudur. Albertin çıxışında söylədiyi kimi əgər biz bu torpaqda doğulub boya-başa çatmışıqsa, bu torpaqda yaşayırıqsa, onu qorumağı da bacarmalıyıq. G.Həsənova bildirib ki, bu gün biz fəxr etməliyik ki, Albert kimi oğullarımız var. O oğullar ki, milliyyət seçimi etmədən bir qarış torpaq üçün ölümün gözünə dik baxmağı bacarırlar. Vətənpərvərlik mövzusunda həyata keçirilən tədbirin əhəmiyyətini vurğulayan müavin Albert kimi Milli Qəhrəmanlarımızın keçdiyi döyüş yolunun bugünkü gənc nəsil üçün bir örnək olduğunu qeyd edib. Bu gün yetişməkdə olan gənclərin həmin qəhrəman oğullar kimi öz Vətənlərini sevmələrini və qorumalarını arzu edib. Bu gün Qazaxın Bağanıs Ayrım, XeyrımlıBarxudarlıSofuluQızılhacılıYuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin düşmən tapdağı altında olduğunu söyləyən müavin Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti, qüdrətli ordumuzun gücü sayəsində həmin torpaqların tezliklə azad ediləcəyini və zəfər gününün uzaqda olmadığını bildirib.

 

Veteran Tankçılar Birliyinin sədri, eyni zamanda, Albert Aqarunovun vaxtilə komandiri olmuş Hacı Əzimov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin və öz adından salamlayıb, tədbirin yüksək səviyyədə təşkil olunmasına, qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Ölkədə tolerantlıq ilə multikultural dəyərlərin təbliği, eyni zamanda, vətənpərvərlik hisslərinin gənclərə aşılanması istiqmətində bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bakı şəhərindən, Quba rayonundan sonra növbəti üçüncü tədbirin məhz Qazaxda təşkil olunduğunu qeyd edib. Qazaxın şairlər, saz-söz adamlarının tanındığı bir rayon olması ilə yanaşı, həm də igid oğullar, qəhrəmanlar yurdu olduğunu diqqətə çatdırıb. 1990-cı ildə Qazaxda baş verən ağrı-acı dolu günlərdən, Quşçu Ayrım, eləcə də digər kəndlərin düşməndən azad edilməsində tankçıların göstərdikləri şücaətdən danışıb. Milli Qəhrəman Albert Aqarunovun döyüş yolundan, Vətən sevgisindən söz açan natiq illər keçsə belə onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını, gələcək nəsillər üçün hər zaman örnək olacağını söyləyib.


Gənclər Fondunda Gənclər şöbəsinin aparıcı mütəxəssisi Emil Yusifov çıxış edərək əməkdaşı olduğu qurumun rəhbərliyi adından tədbirin təşkilinə görə razılığını bildirib. Gənclər Fondunun yaradılmasından, məqsəd və əhəmiyyətindən söz açıb. Fond olaraq vətənpərvərlik mövzusunda həyata keçirdikləri layihələrdən danışıb və bugünkü tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. Qeyd edib ki, Albert kimi Milli Qəhrəmanların keçdiyi döyüş yolu biz gənclər üçün örnək olması ilə barabər həm də üzərimizə böyük yük qoyur. O yük ki, biz gənclər Albert kimi oğulları gələcək nəsillərə tanıtmalı, onlarla hər bir vətəndaşın fəxr etməli olduğunu çatdırmalıyıq. Biz gənclər üzərimizə düşən missiyanı layiqincə təmsil etməyi bacarmalı və bu yolda böyük səy göstərməliyik.                   

Tədbirdə Milli Qəhrəman Albert Aqarunovun döyüş yoldaşları Zahid Nəzərov, Vitali Hüseynov və Arif Nağıyev         də ürək sözlərini çatdırıblar. İgid və cəsur qəhrəmanın keçdiyi döyüş yoluna nəzər salıb, onunla bağlı xatirələrindən danışıblar. Onun Şuşanın, Laçının, eləcə də digər rayonlarımızın müdafiəsində bir tankçı kimi hər zaman öndə getdiyini, ölümün gözünə dik baxaraq mərd şəkildə döyüşlərə atıldığını, onun kimi oğulların yaddaşlara əbədi olaraq yazıldığını vurğulayıblar.      

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, birliyin üzvü Nüsrət Musayev də çıxış edərək hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirin təşkilatçlarına veteranlar adından minnətdarlıqlarını bildiriblər. Albert kimi oğullarımızla hər zaman fəxr etdiklərini və qürur hissi keçirdiklərini qeyd ediblər. Dövlətimiz və dövlət başçısı İlham Əliyev tərəfindən şəhidlərə, Milli Qəhrəmanlara, onların ailə üzvlərinə daim diqqət və qayğı göstərildiyini söyləyiblər. Ölkə başçısının şəhid ailələrinə olan qayğısının Qazax rayonunda da ən yüksək səviyyədə öz əksini tapdığını bildiriblər. Qazaxda rayon rəhbərinin diqqəti və qayğısı nəticəsində şəhidlərin xatirəsinə olan bulaqların, onların uyuduqları qəbiristanlıqların, xiyabanların əsaslı şəkildə təmir olunmasını, şəhərin mərkəzində onların xatirəsinə yaradılan xiyabanda abadlıq işlərinin aparılmasını, adları və şəkilləri həkk olunmuş löhvələrin vurulmasını şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.

Tədbirdə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının Milli Qəhrəman Albert Aqarunovun  xatirəsinə təsis etdikləri medal Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyevə təqdim olunub. Rayon rəhbərinin adından medalı qəbul edən müavin Gulaya Həsənova medalın verilməsinə görə minnətdarlığını bildirib. Son 3 ildə rayon rəhbərinin şəhid ailələrinə olan qayğısına görə verilən ən qiymətli hədiyyə olduğunu qeyd edib.

Vətənə sevgi, hörmət hissini aşılayan, vətənpərvərlik duyğusunu özündə əks etdirən tədbirdə ordumuzun qüdrətindən, düşməni hər an məhv etməyə hazır olan oğullarımızın qəhrəmanlıqlarından söz açılıb.

Tədbirdən sonra rayonumuzda olan qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, Vətən oğullarına olan ehtiramlarını bildiriblər. Fəxri qazaxlılar parkında, Qazax Tarix-Diyarşünaslıq Muzeyində olublar.






















 

GOYEZEN.AZ



Facebook-da paylaş