• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlər unudulmur


Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Zaman ötüb, fəsillər dəyişib, illər əsrlərə, əsrlər minilliklərə çevrilib tarixə dönsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur. Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs AyrımXeyrımlıBarxudarlıSofuluQızılhacılıYuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən işğalında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu yüksək səviyyədədir. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq şəhdilərimizlə bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan Niyaz Əhmədovun, Cabir Hüseynovun, Zahid Mahmudovun, Məmmədkərim Cəfərovun, Akif Budaqovun, Əşrəf Axundovun, Elxan Civişovun əziz xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Əhmədov Niyaz Əkbər oğlu


Əhmədov Niyaz Əkbər oğlu 27 may 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara  kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 28 noyabr 1991-ci ildə şəhid olmuşdur.

Hüseynov Cabir Çərkəz oğlu

 

Hüseynov Cabir Çərkəz oğlu 1970-ci il may ayının 27-də Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1977-87-ci illərdə Ağköynək kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılaraq Dəmirçilər, Köhnə Qışlaq kəndlərində döyüş yolları keçmişdir. 1993-cü il avqustun 14-də Köhnə Qışlaqda sərhəd bölgəsində artileriyanın arxasında olarkən güllə vurulması nəticəsində şəhid olmuşdur.

Mahmudov Zahid Alı oğlu


Mahmudov Zahid Alı oğlu 28 may 1955-ci ilde Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1972-ci ildə Bakı Rabitə Texnikomuna daxil olmuşdur. 1976-cı ildə həmin texnikomu bitirmişdir. 1973-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə getmiş, 1974-cü ildə ordudan tərxis olunmuşdur. 1976-cı ildən Rabitə Nazirliyində texniki işçi kimi işləmişdir. 1992-ci ildən DİN-nin DQ-nın N saylı hərbi hissəsində hərbi xidmətə qəbul olunmuş və müxtəlif döyüş bölgələrində xidmət etmişdir. 1992-ci il avqust ayının 6-da Tərtər-Ağdərə istiqamətində döyüş bölgəsinə ezam olunmuşdur. Avqust ayının 9-da isə həmin bölgədə mərmi atəşi ilə ağır yaralanaraq şəhid olmuşdur. Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. 12 mart 2009-cu ildə 204 saylı sərəncamla "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbi şəhid Zahid Mahmudovun adını daşıyır. Həyat yoldaşı Gültəkin Mahmudova Bakı şəhəri 212 saylı məktəbdə xarici dil müəllimi işləyir. İki övladı var. Oğlu Anar Mahmudov DİN-nin DQ-nın N saylı hərbi hissəsində zabit işləyir. Digər oğlu Zaur Mahmudov ali təhsilli iqtisadçı, iş adamıdır.

Cəfərov Məmmədkərim Sosu oğlu


Cəfərov Məmmədkərim Sosu oğlu 5 oktyabr 1964-cü il Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 28 may 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babakər adlı postda qulluq edərkən minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir övladı var.

Budaqov Akif Məmmədxan oğlu

 

Budaqov Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may 1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var.

Axundov Əşrəf Bəhram oğlu


Axundov Əşrəf Bəhram oğlu 29 may 1964-cü ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Çaylı kənd orta məktəbin birinci sinfinə  daxil olmuş, 1979-cu ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1979-1981-ci illərdə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən gəldikdən sonra Qazax rayon Hərbi Komissarlığında gizir vəzifəsində çalışmışdır. Döyüşlərə könüllü getmiş və komandir vəzifəsində çalışmışdır. Axundov Əşrəf Bəhram oğlu 14 iyun 1994-cü ildə şəhid olmuşdur.

Civişov Elxan Mehdi oğlu


 

Civişov Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.



Facebook-da paylaş