• Təqvim

  • Unutma

  • Maraq



Şəhid olmaq Vətənə məhəbbətin ən ali təzahürüdür

 


Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq var ola bilməz. Şəhidlik - vətənpərvərliyin ən ali məqamıdır! Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Zaman ötüb, fəsillər dəyişib, illər əsrlərə, əsrlər minilliklərə çevrilib tarixə dönsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanlar isə heç zaman unudulmurlar. ”Təki Vətən sağ olsun! Vətən yaşasın!”, - deyərək canından keçib şəhidlik zirvəsinə ucalan igid oğul və qızlarımızı yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur. Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs AyrımXeyrımlıBarxudarlıSofuluQızılhacılıYuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən işğalında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu yüksək səviyyədədir. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan Mərfət Nəsibovun, Elşad Yusifovun,  Sadıq Namazovun, İqbal Axundovun, Səlamət Həsənovun, Fərman Heydarovun, Mehman Quliyevin, Rauf Budaqovun, Əmir İbrahimovun, Mahmud Seyidovun, Əli Yunisovun əziz xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nəsibov Mərfət Əhməd oğlu


Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır.         M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu.

1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.

Qazax rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır.

Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

 

Yusifov Elşad İbrahim oğlu

 

Yusifov Elşad İbrahim oğlu 7 yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni işğalçılarının tankı partlatması nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid statusu verilmişdir.

Namazov Sadıq Fərrux oğlu


Namazov Sadıq Fərrux oğlu 28 oktyabr 1963-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Çaylı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 1991-1993-cü illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Namazov Sadıq Fərrux oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Axundov İqbal Abdulməhəmməd oğlu


Axundov İqbal Abdulməhəmməd oğlu 21 noyabr 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1983-cü ildə həmin orta məktəbi bitirmişdir. 1984-1986-cı illərdə  SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Axundov İqbal Abdulməhəmməd oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur.

Həsənov Səlamət Muxtar oğlu


Həsənov Səlamət Muxtar oğlu 22 may 1962-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Bala Çaylı kənd tam orta məktəbin birinci sinfinə  daxil olmuş, 1977-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1977-1979-cu illərdə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Həsənov Səlamət Muxtar oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi. 4 övladı var. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Bala Çaylı kənd tam orta məktəbə və bir bulağa şəhid Həsənov Səlamət Muxtar oğlunun adı verilmişdir.

Heydarov Fərman Alı oğlu


Heydərov Fərman Alı oğlu 29 iyul 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir.

22 may 1995-ci ildə rayonun Xanlıqlar kəndində "Kar Qaya” istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Məzarı Aşağı Salahlı kənd qəbiristanlığındadır.

Quliyev Mehman Allahverən oğlu


Quliyev Mehman Allahverən oğlu 23 oktyabr 1972-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 23 may 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi.

Budaqov Rauf Alik oğlu


Budaqov Rauf Alik oğlu 23 may 1987-ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1993-cü ildə Canalı kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin onbirinci sinifini bitirmişdir. 4 iyun 2005-ci ildə Ağcəbədi rayonu ərazisində həqiqi hərbi xidmətdə olarkən şəhid olmuşdur. Ana və bacısı hazırda Sabirabad şəhərində yaşayırlar.

İbrahimov Əmir Əsgər oğlu


İbrahimov Əmir Əsgər oğlu 1954-cü il sentyabr ayının 2-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1961-ci ildə Daş Salahlı kənd 1 saylı tam orta məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il il mayın 23-də Qazax rayonunda yerləşən "Üçgül” adlanan ərazidə düşmən minasına düşərək şəhid olmuşdur.

Seyidov Mahmud Musa oğlu

 

Seyidov Mahmud Musa oğlu 12 avqust 1931-ci ildə Qazax rayonunun Əlibayramlı                     kəndində anadan olmuşdur. Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbində təhsil almışdır. Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra Əlibayramlı kəndində 2 il sürücü işləmişdir. 1963-cü ildən 1985-ci ilə  qədər  Gürcüstan Respublikasının Rustavi şəhərində zavodda fəhlə birqadir işləmiş və  təqaüdə çıxmışdır. 23 may 1993-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə  Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində   şəhid olmuşdur.  

Yunisov Əli Talıb oğlu

 

Yunisov Əli Talıb oğlu 24 may 1967-ci il tarixdə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 18 aprel 1992-ci ildə Kamaz markalı maşınla gedərkən Bala Cəfərli kəndi ərazisində erməni işğalçılarının maşını atəşə tutması nəticəsində şəhid olmuşdur. 2008-ci ildən şəhid statusu verilib.



Facebook-da paylaş