• Təqvim

  • Unutma

  • Maraq



Müqəddəs şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur

Şəhidlik Vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü fəda etməkdir. Şəhidlik könüllü şəkildə, bilə-bilə özünü odun-alovun içinə atmaq, bir an belə tərəddüd etmədən, göz qırpmadan ölümün üzərinə getmək, ölümün gözünə dik baxmaqdır. Bu zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar Vətən, millət, dövlət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər. O xalqlar, o dövlətlər xoşbəxt olur ki, onların uğrunda canından keçən, canını fəda edən Vətən övladları, şəhidləri var. Ölümün gözünə dik baxan, şəhdlik adlı müqəddəs bir zirvəni fəth etməyi bacaran oğul və qızları var.

Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən işğalında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu yüksək səviyyədədir. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan Səhlədar Məhərrəmovun, Həmid Tağıyevin, Yaşar Hüseynovun, Nəsir Yusifovun, Dadaş İsmayılovun, Elmar Musayevin, Xəqani Sanıyevin əziz xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Məhərrəmov Səhlədar Süleyman oğlu


Məhərrəmov Səhlədar Süleyman oğlu 13 may 1938-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurlmuşdur. Ağır güllə yarasından vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir.

Tağıyev Həmid Bəhmən oğlu


Tağıyev Həmid Bəhmən oğlu 13 may 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1980-ci il ildə Çaylı kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi  xidmət etmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Tağıyev Həmid Bəhmən oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə evlərinin yaxınlığındakı bir bulağa onun adı verilmişdir.

Hüseynov Yaşar Eldar oğlu


 

Hüseynov Yaşar Eldar oğlu 14 may 1966-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 28 aprel 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə  şəhid olmuşdur. 1994-cü ildən şəhid statusu verilib. 

Yusifov Nəsir Səməd oğlu

Yusifov Nəsir Səməd oğlu 16 may 1966–cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Qazaxbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Ermənilərə qarşı döyüşdə könüllü dəstədə iştirak edən Nəsir Yusifov 23 iyul 1993-cü ildə şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.

İsmayılov Dadaş İsmayıl oğlu


İsmayılov Dadaş İsmayıl oğlu 17 may 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına getmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda çalışmışdır. İsmayılov Dadaş İsmayıl oğlu 14 iyun 1992-ci ildə Kommuna (indiki Bala Çaylı) kəndində ermənilər tərəfindən atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.

Musayev Elmar Xəlil oğlu

 

Musayev Elmar Xəlil oğlu 18 may 1969-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Kəndlərindəki orta məktəbdə (1976-84) 8 illik təhsil almışdır. Sonra təhsilini Gəncə İnşaat Texnikumunda davam etdirmişdir. 1988-90-cı illərdə Moskva şəhərində hərbi xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən Vətənə döndükdən sonra 73 saylı tikinti idarəsində, Ağstafada atasının yanında işləməyə başlayır. Bir il işlədikdən sonra erməni işğalçılarının torpaqlarımıza təcavüzü Elmarı da narahat edir. O, 1991-ci ildə heç kəsə bildirmədən işini yarımçıq qoyaraq Qazax rayonunun sərhəd kəndlərindəki ən qaynar nöqtələrindən biri olan Aşağı Əskipara kəndinə yollanır. Elmar Xeyrımlı, Quşçu Ayrım və Ballıqaya ətrafında gedən döyüşlərdə igidliklər göstərir. 1992-ci il iyul ayının 14-də Ballıqaya yüksəkliyi uğrunda gedən kəskin döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir.

Sanıyev Xəqani Şəmsəddin oğlu


Sanıyev Xəqani Şəmsəddin oğlu 19 may 1962-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1968-ci ildə Kommuna kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini  bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o vaxtlar Lenin adına Dövlət Pedoqoji İnstitutun coğrafiya fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla İsmayıllı rayonunun Hacıhəsənli kənd orta məktəbində coğrafiya müəllimi işləmişdir. 1986-cı ildən isə Qazax rayonunun Ürkməzli kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 24 mart 1990-cı ildə ermənilər Bağanıs Ayrım kəndini mühasirəyə alarkən köməyə gedən zaman yaralanmış və şəhid olmuşdur.



Facebook-da paylaş