Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur
Qəhrəmanlıq heç vaxt bir
anın bəhrəsi ola
bilməz. Qəhrəmanlıq bizi illər sonra yaddaşlara əbədi yazacaq bir keyfiyyətdir.
Azərbaycan xalqı, oğul və qızları da hər zaman bu keyfiyyətə sahib olublar.
Çünki tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz
boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən,
bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib.Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən
üçün ölümə aparsa belə, Vətən üçün bu yoldan dönməmişik. Məhz bu qətiyyət, cəsarət,
mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən
oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür
payını bu yolda keçməyə hazır olublar. Qəhrəmanlığı alın yazısı seçən mərd
oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq. Çünki onları imdada
çağıran, azadlığa səsləyən düşmən tapdağı altında olan olan torpaqlarımız var. Bu gün düşmənlə 168 km
sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndi hələ
də düşmən işğalında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş
ruhu yüksək səviyyədədir. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss
sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox
şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən
Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda
canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda
Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi
hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü
naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı
hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən
şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş
lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir. Rayonumuza
gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində
yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz
xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər
verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə
başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir
Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar
oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin
daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytının Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar
dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq
qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan Nəriman Mustafayevin, Mustafa Mustafayevin, Asif Rəhimovun, Elburus Məmmədovun, Fərman Yolçuyevin əziz xatirəsini yad edirik. Allah
bütün şəhidlərimizə rəhmət eləsin. Mustafayev
Nəriman Abdulla oğlu Mustafayev Nəriman Abdulla oğlu
9 may 1956-cı ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1992-ci ildə Nizami rayon
hərbi komissarlığından Azərbaycan Ordusu
sıralarına çağırılmışdır. 26 sentyabr 1992-ci ildə Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli
kənd qəbiristanlığında dəfn olunmuşdur. Mustafayev Mustafa Bahad oğlu
Mustafayev
Mustafa Bahad oğlu 10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan
olmuşdur. 1945-ci ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş və
1952-сi ildə Cəfərli kənd əsas məktəbin yeddinci sinfini bitirmişdir. 1956-cı
ildə SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə
görə tərxis olmuşdur. 1957-ci ildən "Pravda” kolxozunda naxırçı işləmiş,
1972-ci ildən isə "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 18 noyabr
1996-cı ildə Cəfərli kəndində öz xırdabuynuzlu mal-qarasını otararkən ermənilər
tərəfindən vurulmuşdur. Rəhimov Asif Qəzənfər oğlu
Rəhimov
Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta
məktəbə getmiş və 1991-ci ildə orta məktəbi
bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci
ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhəddində Kəmərli döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məmmədov Elburus Veyis oğlu
Məmmədov
Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində gülə yarasından şəhid
olmuşdur. Yolçuyev Fərman Sabit oğlu
Yolçuyev
Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1976-cı ildə Aşağı
Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin
onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı
Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yolçuyev
Fərman Sabit oğlu 11 may 1992-ci ildə şəhid olmuşdur.
Facebook-da paylaş