Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq
Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılmalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən
torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər
zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün
gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman
diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi
diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması,
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı
şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş
lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir. Rayonumuza
gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində
yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz
xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər
verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə
başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir
Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar
oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin
daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytı da
mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə
ucaldıqları günləri qeyd olunan Göycə Eyvazovun, Vüqar
Süleymanovun, İmran Mancanovun, Şərifə
Talıbovanın, Nuridə Pirvəliyevanın, Arif Məsmalıyevin, Şakir Əsgərovun, Cavad Süleymanovun, Məhəmməd Bayramovun əziz xatirəsini
yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Eyvazov Göycə Bilal oğlu
Eyvazov Göycə Bilal oğlu 2
aprel 1965-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid
Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır.
1983-cü ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Eyvazov
Göycə Bilal oğlu 29 aprel 1994-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə itkin
düşmüşdür. Süleymanov Vüqar İdris oğlu
Süleymanov
Vüqar İdris oğlu 30 aprel 1971-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına
daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasının ll kursunu yarımçıq qoyaraq
Qarabağa döyüşə getmişdir. 13 yanvar 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Mancanov İmran Kərəm oğlu
Mancanov İmran Kərəm oğlu 3
may 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid
Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır.
1981-1983-cü illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur.
Mancanov İmran Kərəm oğlu 30 aprel 1994-cü ildə Tərtər rayonunda gedən döyüşlərdə
şəhid olmuşdur. Bu həyatda qəribə taleyi olan insanlardan biri də Mancanov
İmran Kərəm oğlu idi. O, dünyaya gəldiyi gün – may ayının 3-də Daş Salahlı kənd
Şəhidlər xiyabanında torpağa tapşırılıb. Talıbova Şərifə Qəfər qızı
Talıbova
Şərifə Qəfər qızı 15 sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci
sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Talıbova Şərifə Qəfər
qızı 1 may 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə
atılan top mərmisinin qəlpəsindən şəhid
olmuşdur. Ailəli idi. 2 övladı var. Pirvəliyeva Nuridə Cəlal qızı
Pirvəliyeva
Nuridə Cəlal qızı 26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur.
1 may 1993-cü ildə ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən
şəhid olmuşdur. Məsmalıyev Arif Rəhim oğlu
Məsmalıyev
Arif Rəhim oğlu 2 may 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1978-ci ildə Çaylı kənd 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. 825-ci Hərbi Hissənin II
batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məsmalıyev Arif Rəhim
oğlu 19 yanvar 1994-cü ildə Lələkənd ətrafı ərazilərdə gedən döyüşlərdə şəhid
olmuşdur. Əsgərov Şakir Əsgər oğlu
Əsgərov Şakir Əsgər oğlu 31
mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanbryan rayonunun Ayrım qəsəbəsində
anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanbryan rayonunun Aşağı Körpülü kənd
orta məktəbinində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində
hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində
şəhid olmuşdur. Süleymanov Cavad Musa oğlu
Süleymanov
Cavad Musa oğlu 1932-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.
Uzun müddət sovxozda çoban işləmişdir. 1993-cü ilin may ayının 3-də ermənilərlə
sərhəd olan ərazidə düşmən tərəfindən odlu silahla qətlə yetirilmişdir. Bayramov Məhəmməd Xəlil oğlu Bayramov Məhəmməd Xəlil oğlu 3 may 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı
(hazırki Aslanbəyli) kəndində anadan
olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 6 may 1998-ci ildə Qazax rayonunun Aslanbəyli
kəndi ilə Ermənistan Respublikasının sərhədində çöl sahəsində ot biçərkən ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında
dəfn olunmuşdur.
Facebook-da paylaş