• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçməkdir


Vətən müqəddəsdir, əzizdir. Onu göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur. Bu müqəddəs borcu isə Şəhidlik adlı uca bir zirvəyə yüksəlməklə qaytarmaq lazım gəlir. Şəhidlik isə adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Bu gün hər bir vətəndaş bu borcun nə demək olduğunu yaxşı anlayır və bir an olsun belə bu yolu getməkdən çəkinmir. "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullar dünən də olub, bu gün də var və sabah da olacaq. Adlarını tarixə şəhid kimi yazdıran bu cür Vətən oğullarını yaxından tanımaq, onların əziz xatirələrini yad etmək isə hər birimizin ən ümdə işimiz olmalıdır. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!.

Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonu istiqamətində törədilən təxribat nəticəsində şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun göstərdiyi şücaət, onun həmyerlisi şəhidimiz Abdullayev Hafiz Məhəd oğlunun doğma torpağa olan sevgisi bir daha sübut etdi ki, qazaxlı gənclər Vətən sevgisini yalnız dildə deyil, əməlləri ilə də sübut edirlər. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı özünə şərəf sayır. 

Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanımalı və tanıtmalıdır. Şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.

Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytı da mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan şəhidlərimizdən Arif Kazımovun, Vidadi Göşşüyevin, Adil Vəliyevin, Arzu Məmmədovun, Asif Qarayevin, Akif İsmayılovun, Əli Yunisovun, Niftalı Vəliyevin, Fərman Əliyevin, Musa Vəliyevin, Məmməd Rəhimovun, İlham İsmayılovun əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Kazımov Arif Nəbi oğlu


Kazımov Arif Nəbi oğlu 21 dekabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir.  1983-cü ildən 1985-ci ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra elə sovet ordusu sıralarında qalaraq gizir rütbəsində hərbçi kimi işləmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən xaricdən gələrək Azərbaycan Ordusunda könüllü olaraq xidmət etməyə başlamışdır. 1997-ci il aprel ayının 19-da Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Arif Kazımov 20 apreldə doğulduğu Yuxarı Salahlıda yaylım atəşi altında dəfn olunmuşdur. Kazımov Arif Nəbi oğlu ölümündən sonra "Hərbi xidmətə görə” medalı (№ 873) ilə təltif olunmuşdur. Bir qızı və adını qoyduqları bir oğlu var.

Göşşüyev Vidadi Mürsəl oğlu


Göşşüyev Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə yazılmış, tank sürücüsü olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci ildə "Satılmış” adlanan ərazi ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və qəhrəmancasına şəhid olmuşdur. Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1 saylı tam orta məktəbə və bir bulağa onun adı verilmişdir.

Vəliyev Adil Habil oğlu


Vəliyev Adil Habil oğlu 3 oktyabr 1990–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2013-cü il aprel ayının 15-də Xanlıqlar kəndi ərazisində təmas xəttini keçərək göyərti yığmağa gedən zaman minaya düşmüşdür. Yaralı vəziyyətdə ərazidən çıxarılmasına cəhd edilmiş, lakin erməni snayperləri imkan verməmiş, qanaxmadan vəfat etmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsitərəfindən atəş dayandırıldıqdan sonra onun nəşi ərazidən çıxarılmışdır.

Məmmədov Arzu Mustafa oğlu


Məmmədov Arzu Mustafa oğlu 15 aprel 1972-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Kəmərli kənd Xanbağı orta məktəbində təhsil almışdır. 1990-1992-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuşdur. 1992-ci ilin avqust ayında Azərbaycan Ordusuna hərbi xidmətə yola salınmışdır. 2 noyabr 1992-ci ildə Ağköynək kəndində şəhid olmuşdur.

Qarayev Asif Safaləddin oğlu


Qarayev Asif Safaləddin oğlu 1 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. 1991-ci ildə Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali Hərbi Məktəbin III kursundan ordu sıralarına getmişdir. N saylı hərbi hissədə xidmət etmişdir. 16 aprel 1993-cü ildə Ağstafa rayonunun Tatlı kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur. Subay idi.

İsmayılov Akif Qabil oğlu


İsmayılov Akif Qabil oğlu 19 aprel 1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya göz açmışdır. Akif anadan olduğu kəndin orta məktəbində 1977-85-ci illərdə 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnir. 1988-90-cı illərdə sovetlər birliyinin İrkutsk vilayətində hərbi xidmətini başa vuraraq Vətənə dönür və sovxozda öz ixtisası üzrə işləyir. 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsi zamanı düşmənlərimizin torpaqlarımızı zəbt etməsi hər kəs kimi Akifi də narahat edir. 1993-cü ilin may ayında Milli Ordu sıralarına yazılan Akif torpaqlarımızın müdafiəsi uğrunda əlinə silah alaraq sərhəd bölgələrinə yollanır. O, Ballı Qaya, Bala Cəfərli sərhəd bölgələrində döyüş yolları keçir. 1994-cü il yanvar ayının 18-də Ballı Qaya yüksəkliyi uğrunda döyüşdə mənfur erməni quldurlarının gülləsi Akifin sinəsinə tuşlanır. Həmin an bir igid Vətən oğlu torpağın müdafiəsi uğrunda, torpaq üzərində əbədi olaraq gözlərini yumur, şəhidlik zirvəsinə ucalır.

Yunisov Əli Talıb oğlu


 

Yunisov Əli Talıb oğlu 24 may 1967-ci il tarixdə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 18 aprel 1992-ci ildə Kamaz markalı maşınla gedərkən Bala Cəfərli kəndi ərazisində erməni işğalçılarının maşını atəşə tutması nəticəsində şəhid olmuşdur. 2008-ci ildən şəhid statusu verilib.

Vəliyev Niftalı MTS


Vəliyev Niftalı MTS oğlu 24 aprel 1959-cu ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 19 aprel 1992-ci ildə Ağköynək kəndində "Nohur” meşəsi deyilən ərazidə minaya düşmüşdür. Evli olub və 2 uşağı var.

Əliyev Fərman İbrahim oğlu


Əliyev Fərman İbrahim oğlu 16 oktyabr 1969-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı kənd (hazırki Aslanbəyli) kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 19 aprel 1993-cü ildə Vəlixan meşəsində döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Vəliyev Musa Rəşid oğlu


Vəliyev Musa Rəşid oğlu 16 noyabr 1965-ci il Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Rəhimov Məmməd Məhəmməd oğlu


Rəhimov Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli idi. 4 övladı var.

İsmayılov İlham Məhəmməd oğlu


İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağrılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var.



Facebook-da paylaş