Kapitan Mühüd Orucovun adını daşıyan tədris mərkəzinin tələbələri şəhidin xatirəsini yad ediblər
2016-cı ilin Aprel döyüşləri xalqımıza qələbə
sevinci yaşatmaqla bərabər Böyük Qələbənin də başlanğıcı oldu. Düşmən
təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu. Həmin döyüşlərdə ordumuz
tərəfindən qısa müddətdə 2000 hektardan artıq ərazi azad edildi və daha çox
ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Eyni zamanda, döyüşlər
zamanı düşmənlərimizlə yanaşı, bütün dünyaya sübut olundu ki, ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu, dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqət və
qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında dayanan güclü
ordumuz var. Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan
torpaqlarını azad etməyə qadir olan igid və mərd oğullarımız var.
Aprel döyüşlərində Qazaxın üç nəfər mərd oğlu –
kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və
əsgər Əliyev Orxan Məhəmməd oğlu da Vətən, xalq, millət, torpaqlarımızın ərazi
bütövlüyü naminə canından keçərək şəhidlik zirvəsinə ucaldı. Bu gün hər bir
qazaxlı bütün şəhidləri, o cümlədən də Aprel şəhidləri ilə fəxr edir və qürur
hissi keçirir.
Şəhidlərimizin xatirəsini yad etmək, onların
keçdiyi döyüş yolunu yetişməkdə olan gənc nəsilə çatdırmaq üçün hər bir
Azərbaycan vətəndaşı böyük səylə çalışmalı, üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirməlidir. 2011-ci ilin aprel ayının 1-də yaranmış, 2016-cı ilin
aprelindən isə Aprel şəhidi kapitan Mühüd Orucovun adını daşıyan Tədris Mərkəzi
də bu istiqamətdə məqsədyönlü işlər görür. Şəhidin adını daşıyan mərkəzdə bütün
şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Mərkəzin ən böyük
misssiyası şəhidin həyat və döyüş yolunu, Vətən torpaqlarının bütövlüyü uğrunda
göstərdiyi qəhrəmanlıqları mərkəzdə təhsil alan tələbələrə çatdırmaqdır. Ən
əsası da şəhid ailələrinin övladlarının təhsili təmənnasız olaraq həyata
keçirilir. Bundan əlavə, tədris mərkəzinin bütün kollektivi tərəfindən daim
əsgər və zabitlərimiz yad edilir, bayramlarda və özəl günlərdə onlara sovqatlar
göndərilir. Bütün bunlar tədris mərkəzində bir ənənə halına çevrilib.
Tədbirlərdə iştiraka ilk
olaraq Aprel döyüşlərində orduya dəstək aksiyasından başlayan tələbələr bu gün
demək olar ki, rayonda keçirilən bütün ictimai tedbirlərdə daim fəal iştirak edirlər.
Mərkəzin tələbələri şəhid
kapitan Mühüd Orucovun 3-cü ildönümü münasibətilə şəhərin mərkəzində yerləşən
Şəhidlər xiyabanını ziyarət edib, şəkli əks olunmuş lövhə və memorial önünə, xatirəsinə
tikilmiş bulağın qarşısına gül dəstəsi qoyublar. Mərkəzin kollektivi olaraq uca
zirvəyə yüksəlmiş Vətən oğluna öz ehtiramlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş