• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazanlardır


Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Vətən torpaqları tam olsun deyə canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlərimizi - xalqımızın milli müstəqilliyi, azadlığı uğrunda ölümün gözünə dik baxaraq şəhidlik adlı zirvəyə yüksəlməyi bacaran qeyrətli oğullarımızı yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Bu igid oğul və qızlarımızın bizim nisgilimiz, kədərimiz, ürək ağrımızla yanaşı, həm də qürurumuz, vüqarımız, fəxrimiz olduqlarını heç zaman unutmamalıyıq. İlk və əsas işimiz canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək olmalıdır. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur.

Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.

Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytı da mütəmadi olaraq şəhdilərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan şəhidlərimizdən Dursun Allahverənovun, İmran Allahverənovun, Dilqəm Zeynalovun, Ayaz Mehtiyevin, Niyazi Quliyevin, Qulu Yusifovun, Rafiq İsmayılovun, Akşın Məmmədovun, Havaxanım Əsgərovanın, Hafiz Adıgözəlovun, Kamran Əmrahovun, Bəxtiyar Əmrahovun, Xəqani Sanıyevin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Allahverənov Dursun Vəli oglu


Allahverənov Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.                                      

Allahverənov İmran Dursun oğlu


Allahverənov İmran Dursun oğlu 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı  Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Məktəbi bitirdikdən sonra könüllü olaraq N saylı hərbi hissənin tərkibində Aşağı  Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.         

Zeynalov Dilqəm Camal oğlu


Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Mehtiyev Ayaz Oruc oğlu

 

Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir.

     Quliyev Niyazi Allahverdi oğlu


Quliyev Niyazi Allahverdi oğlu 26 fevral 1975-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür. 

Yusifov Qulu Firuddin oğlu


Yusifov Qulu Firuddin oğlu 11 mart 1974-cü ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.  

İsmayılov Rafiq Namaz oğlu


İsmayılov Rafiq Namaz oğlu 15 fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış, bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu verilmişdir.

Məmmədov Akşın Vəlyəddin oğlu


Məmmədov Akşın Vəlyəddin oğlu 23 mart 1976-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur.  Xanlıqlar kənd tam orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1997-ci il yanvar ayının 16-da Murovdağda Gülüstan qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı şəhid olmuşdur. İstehkamçı manqa komandiri olmuşdur. Subay idi.

Əsgərova Havaxanım Dədəş qızı


Əsgərova Havaxanım Dədəş qızı 23 dekabr 1956-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Bağanıs Ayrım kənd ibtidai məktəbinin  birinci sinfinə getmişdir. 1974-cü ildə Aşağı Əskipara kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində azyaşlı uşağı ilə birlikdə yandırılmışdır.

Adıgözəlov Hafiz Ramiz oğlu

Adıgözəlov Hafiz Ramiz oğlu 5 fevral 1990-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində yandırılaraq həlak olmuşdur.

Əmrahov Kamran Əziz oğlu


Əmrahov Kamran Əziz oğlu 29 avqust 1959-cu ildə Qazax rayonunun  Çaylı kəndində  anadan olmuşdur. 1966-cı ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1976-cı ildə həmin orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat fakültəsinə daxil olmuş və 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla Neft daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına bulaq çəkilmişdir.

Əmrahov Bəxtiyar Əziz oğlu


Əmrahov Bəxtiyar Əziz oğlu 1 yanvar 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1967-ci ildə Çaylı kənd 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin orta məktəbi bitirmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik Universitetinə daxil olmuş və orada təhsil almışdır. Bakı şəhərində mexanika sahəsi üzrə işləmişdir. Əmrahov Bəxtiyar Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır.

Sanıyev Xəqani Şəmsəddin oğlu


Sanıyev Xəqani Şəmsəddin oğlu 19 may 1962-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1968-ci ildə Kommuna kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini  bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o vaxtlar Lenin adına Dövlət Pedoqoji İnstitutun coğrafiya fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla İsmayıllı rayonunun Hacıhəsənli kənd orta məktəbində coğrafiya müəllimi işləmişdir. 1986-cı ildən isə Qazax rayonunun Ürkməzli kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 24 mart 1990-cı ildə ermənilər Bağanıs Ayrım kəndini mühasirəyə alarkən köməyə gedən zaman yaralanmış və şəhid olmuşdur.



Facebook-da paylaş