Şəhid Süleyman Süleymanovun məzarı ziyarət olunub
Ermənistanla
168 km məsafədə sərhəddi olan Qazax rayonu da
torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə şəhid verib. Bu
gün rayonun 285 nəfər şəhidi, o cümlədən 7 nəfər Milli Qəhrəmanı var. Vətən
torpağı daim var olsun deyə qəhrəmanlıq zirvəsinə yüksələn şəhidlərimizdən biri də Süleymanov Süleyman Elçin oğludur. O, 11 noyabr 1997-ci ildə Qazax rayonunun
Daş Salahlı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Araz Əmilov
adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 2016-cı il
yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi
xidmətə çağırılmışdır. Hərbi xidmətini Ağdam rayonunda başlamışdır. 2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas
xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən
snayperlə vurularaq şəhid olmuşdur. Şəhid doğuluğu Daş Salahlı kənd Şəhidlər
xiyabanında dəfn olunmuşdur. Şəhidin adına doğulduğu kənddə Fidat Məmmədov küçəsində
xatirəsinə bulaq abidə kompleksi tikilmişdir. Bəli, bu gün şəhid Süleyman Süleymanovun şəhidlik
adlı zirvəyə ucaldığı gündən 2 il ötür. Lakin o, hər zaman biz qazaxlıların,
Daş Salahlıların qəlbində əbədi olaraq yaşayır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax rayon şöbəsi və "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
Qazax rayon şöbəsinin əməkdaşları, aidiyyəti şəxslər, şəhidin doğmaları bu gün igid
Vətən oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Keçdiyi döyüş
yoluna nəzər salıb, göstərdiyi şücaətdən söhbət açıblar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək qüdrətli Azərbaycan
Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda
qurban gedən şəhidlərimizin qanının yerdə qalmayacağını, Respublika Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini
bildirib. Şəhid Süleyman Süleymanov kimi igid oğullarımızın göstərdikləri şücaətin
gələcək nəsillərə örnək olduğunu qeyd edib.
"QMƏVŞA” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri,
II qrup Qarabağ müharibəsi əlili Kamandar Məmmədov, sədr müavini, I qrup
Qarabağ müharibəsi əlili Namiq Alıyev, ictimai birliyin fəal üzvlərindən Vaqif Xanbabayev,
Elxan Məmmədov çıxış edərək bildiriblər ki, canlarından
keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə
yazan şəhidlərimiz heç zaman unudulmayacaqdır. Ona görə ki, şəhidlər xalqın
kimliyini, mənliyini qoruyan insanlardır. Onlar ölümləri ilə ölməzlik qazanan və
əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Qeyd ediblər ki, bu gün Süleyman
Süleymanov kimi oğullar sayəsində Azərbaycan dövləti, Vətən torpağı azad və firəvandır. Şəhid atası Elçin Süleymanov çıxış edərək övladı
ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib. Respublika
Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və
qayğıdan danışıb. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizə göstərilən səmimi
münasibətdən söz açıb. Ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını
bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş