• Təqvim

  • Unutma

  • Maraq



Qüdrətli Azərbaycan var olsun deyə canlarından keçən şəhidlərimizi hər zaman yad etməliyik


Bu gün hər bir azərbaycanlının üzərinə düşən vəzifə yetişməkdə olan gənc nəsildə vətənçiliyi, Vətən sevgisini və vətənpərərlik hisslərini aşılamaqdır. Çünki Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək üçün ilk növbədə gənclərdə Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını formalaşdırmaq lazımdır. Doğma Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi yolunda hər bir gənci mübarizə ruhunda tərbiyə etməli, qanları ilə azadlıq yazan Milli Qəhrəmanlarımzı, şəhidlərimizi örnək göstərməliyik. Azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın var olması üçün ölümün gözünə dik baxan şəhidlərimizi böyük ehtiramla xatırlamaq, yad etmək hər birimizin ən müqəddəs borcu, ən başlıca vəzifəsi olmalıdır.

Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər zaman ən yüksəkdə tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.

Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytı da mütəmadi olaraq şəhdilərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan şəhidlərimizdən Azər Hüseynovun, İsrayıl Əfəndiyevin, Niyazi Quliyevin, İlqar Cəfərovun, Əmir Vəliyevin, Ruslan Aslanovun, Namiq Hacıyevin, Ədalət Hüseynovun, Süleyman Süleymanovun, Vasif Haqverdiyevin, Elnarə Rəhimovanın əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hüseynov Azər Qələndər oğlu


Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1981-ci ildə Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Qazax şəhər 1 saylı tam orta məkəbin onuncu sinfini bitirmişdir. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmişdir. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olmuşdur. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.

Əfəndiyev İsrayıl Süleyman oğlu


Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə Valeh Musayev adına İkinci Şıxlı kənd orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Həmin ildə Bədən Tərbiyəsi Texnikumuna qəbul olmuş, 1985-ci ildə texnikumu bitirərək hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Valeh Musayev adına tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Müəllim işlədiyi vaxtda səfərbərlik zamanı Milli Orduya çağırılmışdır. Ordan da Sanqaçalda "sapyor” (minaaxtaran) ixtisası üzrə zabit dərəcəsi almış, 707 saylı hərbi hissəyə göndərilmişdir. İşlədiyi müddətdə 707 saylı hərbi hissədə şəxsi işlər üzrə zabit işləmişdir. 17 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babakər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli olub, 2 övladı var.

Quliyev Niyazi Allahverdi oğlu


Quliyev Niyazi Allahverdi oğlu 26 fevral 1975-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür. 

Cəfərov İlqar Dursun oğlu


Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi.

Vəliyev Əmir İsmayıl oğlu


Vəliyev Əmir İsmayıl oğlu  1 yanvar 1972-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə Abbasbəyli kənd ibtidai məktəbində I-IV siniflərdə təhsil almışdır. 1983-1989-cu illərdə Alpout kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. 28 fevral 1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi.

Aslanov Ruslan Yaqub oğlu


Aslanov Ruslan Yaqub oğlu 19 fevral 1969-cu ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1977-ci il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra polis əməkdaşı kimi xidmət etmişdir. Aslanov Ruslan Yaqub oğlu 28 fevral 1992-ci ildə Bala Cəfərli kəndində polis əməkdaşı olaraq xidməti vəzifəsini icra edərkən şəhid olmuşdur. Çaylı kəndində bir bulağa şəhid Ruslan Aslanovun adı verilmişdir.

Hacıyev Namiq Səhrab oğlu


Hacıyev Namiq Səhrab oğlu 17 dekabr 1974-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 1992-ci ilin dekabrında Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il mart ayının 1-də Ağdamda cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Hüseynov Ədalət Teymur oğlu


Hüseynov Ədalət Teymur oğlu 1 mart 1969-cu ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1976-cı ildə Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-86-cı illərdə M.Hüseyn adına məktəb-liseyin onuncu sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1990-92-ci illərdə Qazax rayonunun Qızılhacılı kəndinin müdafiəsi zamanı könüllü olaraq xidmət etmişdir. 1993-cü ildə Ağstafa rayon Yanğından Mühafizə Xidmətində işləmişdir. 29 dekabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Subay idi.

Süleymanov Süleyman Elçin oğlu


Süleymanov Süleyman Elçin oğlu 11 noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır.

2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Ağdam rayonunda başlamışdır.

2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən snayperi tərəfindən vurularaq şəhid olmuşdur. Şəhid Daş Salahlı kənd Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhidin adına doğulduğu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilmişdir.

Haqverdiyev Vasif Mirzə oğlu


Haqverdiyev Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür.

Rəhimova Elnarə Faiq qızı


Rəhimova Elnarə Faiq qızı 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1989-cu ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1993-сü ildə Bala Cəfərli kənd ibtidai məktəbin dördüncü sinfini bitirmişdir. 1993-сü ildə Qazax şəhər internat məktəbə daxil olmuşdur. 2 yanvar 2000-ci ildə evlərində otaqda olarkən ermənilər tərəfindən snayper silahla vurulmuşdur.

 

 

 

 

 

 

 



Facebook-da paylaş