Xocalı faciəsi xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlarından biridir
Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən
xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlarından biridir. Xocalı
soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin
xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı
səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün
beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq
oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş
qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində
qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca
öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Azərbaycan
xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Xocalı
soyqırımının iyirmi yeddinci ildönümü haqqında Respublika Prezidentinin 5
fevral 2019-cu il tarixli Sərəncamı da bunu bir daha sübut etdi. Həmin
Sərəncama əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş
silsilə tədbirlər keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Respublika Prezidentinin "Xocalı soyqırımının iyirmi yeddinci
ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli 930 nömrəli və Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2019-cu il 6 fevral
tarixli 11 nömrəli Sərəncamlarını rəhbər tutaraq Qazax rayonu üzrə Xocalı
soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının
təsdiq edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. 9-21/32
nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün
keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Həmin
tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və
təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım
tədbirlərinin qeyd olunmasına başlanılıb. Qazax
rayon Statistika İdarəsində, Mənzil İstismar Sahəsində, Melioservis İdarəsində,
Suvarma Sistemləri İdarəsində anım tədbirləri keçirilib. Bütün tədbirlərdə əvvəlcə
Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlarda xalqımızın
başına gətirilən müsibətlərdən söz açılıb, o qanlı günlərə bir daha nəzər
salınıb. "Xocalıya ədalət!” kampaniyası çərçivəsində
dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı tədbirlərin keçirildiyi qeyd
olunub. Bildirilib ki, bugünkü gənc nəsil bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaqda bütün səylərini səfərbər etməlidirlər. GOYEZEN.AZ
Facebook-da paylaş