• Təqvim

  • Unutma

  • Maraq



Bu gün Milli Qəhrəmanın doğum günüdür

Bu gün Milli Qəhrəmanın doğum günüdür
Çobanov Şamoy Məhyəddin oğlu - Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Bu gün yaşasaydı 52 yaşı tamam olacaqdı.

GOYEZEN.AZ saytı öz ənənəsinə sadiq qalaraq doğum günündə Milli Qəhrəmanı yad edib.

Vətən yolunda canından keçmiş Milli Qəhrəmanın valideynləri, doğmaları, yaxın dostları bu dəfə də Şamoyun ad gününü onsuz qeyd edirlər.

1982-ci ildə Qazaxdakı 1 saylı orta məktəbi bitirən Ş.Çobanov avtonəqliyyat müəssisəsində işə başlayıb. Sonra Sovet Ordusu sıralarında hərbi xidmət borcunu yerinə yetirib.

1989-cu ildə Qazax rayon Polis şöbəsində işə qəbul olunanda artıq Qarabağda məlum hadisələr başlamışdı. Həmin illər Qazaxda da vəziyyət gərgin idi. Ermənilər tez-tez sərhəd kəndlərinə hücuma keçirdilər. Şamoy işə girdiyi ilk gündən polis kimi fəaliyyət göstərmədi. Bir əsgər kimi əlində silah sərhədlərimizin keşiyində dayandı. Ermənilərin Xeyrımlı, Yuxarı Əskipara, Bağanıs Ayrım kəndlərinə hücuma keçdiyi zaman xüsusi qəhrəmanlıq nümayiş etdirdi. Öz cəsurluğu ilə fərqlənən gənc polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi.

1990-cı il 19 avqustda isə Şamoy üçün sonuncu döyüş oldu. İgid Vətən oğlu Yuxarı Əskipara kəndində gedən döyüşdə xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirən cəsur polis işçisi həmin döyüşdə qəhrəmancasına həlak olur.

Ş.Çobanov Qazaxın Ağköynək kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bəli, vaxtsız ölüm Şamoy Çobanovun bütün arzularını ürəyində qoydu. Valideynləri onun toyunu belə görə bilmədilər. Bu gün onun əziz xatirəsi yüzlərlə, minlərlə azərbaycanlının, xüsusilə də biz qazaxlıların qəlbində yaşayır.

Bu gün Ağköynək kənd tam orta məktəbi Milli Qəhrəmanın adını daşıyır. Şəhərdə onun əziz xatirəsinə bulaqlar tikilmişdir.
Bu gün Milli Qəhrəmanın doğum günüdür
2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman-Mərifət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.

2015-ci ildə üç igidin - Şamoy Çobanov, Mərifət Nəsibov və Rafiq Alıcanov haqqında “İZ Production” studiyası tərəfindən çəkilmiş “Ölümə qənşər” adlı bədii-sənədli filmdə onların döyüş yolundan söz açılmış, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilmişdir.


Facebook-da paylaş