Şəhid ailələri dövlətin qayğısı ilə hərtərəfli əhatə olunmuşlar
Respublika
mətbuatı Qazax haqqında Azərbaycan Respublikasının ərazi bütövlüyü
uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin
düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial
müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Prezident
İlham Əliyevin imzaladığı 19 aprel 2018-ci il tarixli fərmanı şəhidlərimizə və
onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının daha bir
bariz nümunəsidir. Həmin fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar
xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların
vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik
ödəmənin verilməsinə başlanılmışdır ki, bu da şəhid ailələrinin böyük
razılığına səbəb olmuşdur. Bu fərman Qazax rayonunda da minnətdarlıqla qarşılanmışdır. Dağlıq Qarabağ
müharibəsi başlayandan 285 şəhid verən Qazaxda 7 nəfər Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüşdür. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə böyük hörmət və ehtiramla
yanaşılır. Şəhidlərin uyuduqları məzarlıqlar, xatirələrinə ucaldılmış abidələr
yenidən qurulmuş, ehtiram əlaməti olaraq küçə və meydanlara onların adları
verilmişdir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı tamamilə yenilənmişdir.
Bu gün rayona gələn qonaqlar da qürur yeri olan bu müqəddəs məkana gedir,
məzarları ziyarət edir, üstlərinə gül dəstələri qoyurlar. Rayonda keçirilən
bütün tədbirlər də şəhid məzarlarının ziyarəti ilə başlayır, məktəblilər
mütəmadi olaraq Şəhidlər xiyabanına gələrək onların doğum və anım günlərini
qeyd edirlər. Rayon rəhbərliyi də müntəzəm olaraq şəhid ailələri ilə görüşür, onların
problemləri ilə maraqlanır. Elə bu günlərdə Rayon İcra Hakimiyyətində keçirilən növbəti görüşdə də bir çox məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır. Görüşdə çıxış edənlər bildirdilər ki, dövlət
başçısının şəhidlərimizin, onların ailə üzvlərinin ünvanına söylədiyi dəyərli
fikirlər bir daha sübut edir ki, Vətənin azadlığı uğrunda canından keçən bütün oğul və qızlarımızın xatirəsi
hər zaman əziz tutulur. Onların ailələrinə, yaxınlarına, doğmalarına göstərilən
qayğı dövlətimizin daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu yaxınlarda şəhid ailələri ilə
keçirdikləri görüşdən söz açmış, dövlət başçısının şəhidlərimizin, onların ailə
üzvlərinin ünvanına söylədiyi dəyərli fikirlərdən ətraflı söz açaraq demişdir
ki, həmin görüş bir daha onu sübut etdi ki, Vətənin azadlığı uğrunda canından keçmiş bütün oğul və
qızlarımızın xatirəsi hər zaman əziz tutulacaq. Şəhid ataları, Quşçu Ayrım kəndinin sakinləri Aslan Pirvəliyev, Abbas
Mirzəyev, Qaymaqlı kəndinin sakini, şəhid anası Lilpar Bəşirova, Qazax şəhər
sakini, şəhid ailəsi Kifayət Mustafayeva və başqaları onlara göstərilən diqqət və qayğıya görə
ölkə rəhbərinə minnətdarlıq edərək demişlər ki, şəhid ailələri ilə keçirilən
hər bir görüş onlarda dövlətimizə və dövlət başçısına böyük inam və məhəbbət
yaradır. Görüşdə bu il fevralın 1-dən şəhid ailələrinə verilən Prezident təqaüdünün
məbləğinin 58 manat artırılaraq 300 manata çatdırılması da yüksək
qiymətləndirilmişdir. Sabir ƏLİYEV, "Azərbaycan” qəzeti 8 fevral
2019-cu il
Facebook-da paylaş