• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən respublikamızda keçirilən silsilə anım tədbirləri Qazaxda da davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 19 dekabr 2018-ci il tarixli 9-21/170 nömrəli Sərəncamına əsasən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər planı da hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü silsilə anım tədbirləri ilə qeyd olunur.

Qazax rayon Təhsil şöbəsində, Elektrik şəbəkəsində, Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət sahəsində, Suvarma Sistemləri İdarəsində, Melioservis İdarəsində, "Azərpoçt” MMC-nin Qazax Poçt filialında, "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağında, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunda, Gənclər və İdman İdarəsində, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialında 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub.

Anım tədbirlərindəXX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk edildiyi, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyi vurğulanıb.

Çıxış edənlər 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndiriblər. Xalqını bu ağır günlərdə tək qoymayan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı görüdüyü misilsiz işlərdən də söhbət açılıb. Məhz ulu öndərin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etdiyini, dahi şəxsiyyətin özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq böyük cəsarət göstərdiyini və 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini tələb etdiyini bildiriblər. Ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldığını, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər.

Bu gün ulu öndərin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin şəhid ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün təyin edildiyini və daim yardımlar göstərildiyini diqqətə çatdırıblar.














GOYEZEN.AZ



Facebook-da paylaş