• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar - tariximizin qürur və şərəf günüdür


20 Yanvar tariximizə qürur və şərəf mübarizəsi kimi yazılıb. Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən isə 29 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da 20 Yanvar hadisələri hər il silsilə tədbirlərlə anılır, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla yad olunur. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 19 dekabr 2018-ci il tarixli 9-21/170 nömrəli Sərəncamına əsasən Tədbirlər Planı da hazırlanıb.

Həmin Tədbirlər Planına uyğun olaraq bu gündən rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə start verilib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində, rayon Statistika idarəsində və Kommunal Müəssisələr Kombinatında keçirilən anım tədbirlərində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tarixin yaddaşına qanlı hərflərlə yazılmış həmin günə bir daha nəzər salınıb.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, həmin gün dinc insanların xüsusi qəddarlıqla qətlə yetirilməsi, yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisədən 29 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.

20 Yanvar faciəsi mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu qanlı qırğın keçmiş SSRİ, Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. O gecə keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını, həmçinin iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdur. Respublikanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin isə bu faciədən sonra da yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən əllərini çəkmədilər. Həmin vaxt Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev onların əksinə olaraq, həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra da 1994-cü il martın 29-da ümummilli liderin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.








GOYEZEN.AZ

 

 

 



Facebook-da paylaş