Azadlığımızı qanı ilə yazanları yad etmək hər birimizin müqəddəs borcudur
"Biz bu dərdi, bu qəmi daim qəlbimizdə
saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı
üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da olacaqdır. Mən tam
əminəm ki, Azərbaycanın bugünkü nəsli də, gələcək nəsillləri də bu şəhidlərin
qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını
qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə
olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər”.
Ulu Öndər Heydər Əliyevin 20 Yanvar şəhidləri haqqında söylədiyi bu dəyərli
sözlər hər bir şəhidimizin ünvanına səslənən fikirlərdir. Bəli, azadlığımızı canı ilə qazanıb qanı ilə
yazanları, Vətən, azadlıq yolunda canından keçənləri yad etmək, xatırlamaq, gələcək
nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur
düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı,
Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də
işğal altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı
uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən
şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman yüksək səviyyədə
olmalıdır. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi
diqqət ayırır. Son iki il yarım ərzində şəhidlərimizin ailə üzvlərinə daim
qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi bu dediklərimizin əyani
sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq
işləri, 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu
istiqamətdə görülən əməli işlərin əyani göstəricisidir. Bundan başqa, rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs
məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad
etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu
müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı
ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər
Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad
olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Mehman Quliyevin, Məmməd Rəhimovun, Aliyə Əliyevanın, Surxay Məmmədovun, Sahib Binnətovun, İslam
Əliyevin, Cavid Omarovun, Balagədə Hacıyevin, Faiq Əhmədovun, Sadıq Namazovun əziz
xatirəsini yad edir. Quliyev
Mehman Allahverən oğlu Quliyev Mehman Allahverən oğlu
23 oktyabr 1972-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan
olmuşdur. 1979-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 23 may 1994-cü ildə
Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi. Rəhimov
Məmməd Məhəmməd oğlu Rəhimov Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun
Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı
kəndindəki sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini
davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin
mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli
idi. 4 övladı var. Əliyeva
Aliyə Fərhad qızı Əliyeva Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş
Salahlı kəndində anadan olmuşdur. 1983-cü ildə Daş Salahlı kənd 2 saylı tam orta
məktəbin birinci sinfinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan
silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc
ömrünə son qoydu. Məmmədov Surxay Nəsib oğlu Məmmədov Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun
Aşağı Əskipara kəndində anadan olmuşdur.
1973-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir.
1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi
xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə
iştirak etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur Abdullayev Ənvər Abdulla oğlu Abdullayev Ənvər Abdulla oğlu
25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur.
1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş,
1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycanın
ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi
uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Binnətov Sahib Məşədi oğlu Binnətov Sahib Məşədi oğlu 1 noyabr 1962-ci ildə Qazax rayonunun Çaylı
kəndində anadan olmuşdur. 1968-ci il ildə
Çaylı kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci
sinfini bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 saylı tam orta məktəbdə
təhsil alaraq 10 illik tam orta məktəbi bitirmişdir. Binnətov Sahib Məşədi oğlu
26 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Əliyev İslam Məmməd oğlu Əliyev İslam Məmməd oğlu
1936-cı ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. İbtidai təhsil
almışdır. Kolxoz və sovxozda çalışmışdır. 27 oktyabr 1999-cu ildə Məzəm kəndi ərazisində
qoyun otararkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli
idi. 3 övladı var. Omarov Cavid Hüseynəli oğlu Omarov Cavid Hüseynəli oğlu 27 oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar
kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir.
1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Qazax zonasında xidmət etmişdir. 18 dekabr
1993-cü ildə şəhid olmuşdur. Evlidir. 2 övladı var. Hacıyev Baləgədə Həsən oğlu Hacıyev Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun
Qaymaqlı kəndində anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin
birinci sinfinə daxil olmuş, 1958-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1959-62-ci illərdə Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində işləmişdir. 27
oktyabr 1991-ci ildə şəhid olmuşdur. Əhmədov Faiq Nazim oğlu Əhmədov Faiq Nazim oğlu 28 oktyabr 1969–cu ildə Qazax rayonunun
Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1975-ci ildə Xanlıqlar
kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin
onuncu sinfini bitirmişdir. 1985-1989-cu illərdə M.Qorki adına SSRİ Ali Hərbi Məktəbini
bitirmişdir. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit kimi fəaliyyətə
başlamışdır. 17 avqust 1993-cü ildə Qazax rayonu ərazisində erməni işğalçılarına
qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Evlidir. 2 qız övladı var. Ailəsi dövlət
tərəfindən evlə təmin olunmuşdur. Namazov Sadıq Fərrux oğlu Namazov Sadıq Fərrux oğlu 28 oktyabr 1963-cü ildə Qazax rayonunun Çaylı
kəndində anadan olmuşdur. 1969-cu ildə Çaylı kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 1991-1993-cü illərdə
SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Namazov Sadıq Fərrux oğlu 20 may
1994-cü ildə Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
Facebook-da paylaş