Şəhidlər ölmürlər, zaman keçdikcə əfsanəyə dönürlər
Şəhidlərimizi tanıyaq və tanıdaq Şəhidlik
ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara
buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid
oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr
qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman
keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür. Vətənin
müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun
bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər
bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu
bilməlidir. Vətəni qorumaq kimi müqəddəs
bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını
yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim
hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Qazax rayonu da
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verib. 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən
tapdağı altındadır. 5 kəndi daim düşmən gülləsinin atəşinə məruz qalır. Rayonumuzda
Vətənin müstəqilliyi və ərazi bütövlüyü hər şeydən üstün tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək
səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin
ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir
edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
Xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da 285 şəhidin adı və şəkli
əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani
sübutudur. Bu gün
sevindirici haldır ki, rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar,
nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial
önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən
keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən
tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi
olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır,
onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda
tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır. Qazax
rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin
doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir
Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar
oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla
yad olunur. Bütün
bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş,
doğum və anım günü olan şəhidlərimizdən – Sərdar
Hüseynovun, İslam Əsgərovun,
Paşa Şahquluyevin əziz xatirələrini yad edirik. Hüseynov Sərdar Aydın oğlu Hüseynov Sərdar Aydın oğlu 2 avqust
1968-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbinin
birinci sinfinə daxil olmuş, 1983-cü ildə
həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1983-85-ci illərdə M.Hüseyn
adına internat orta məktəbinin onuncu sinfini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət
etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd
Feldşer-Mama məntəqəsinin müdiri işləmişdir.
24 sentyabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi. Əsgərov İslam Kamal oğlu Əsgərov İslam Kamal oğlu
1972-ci il sentyabr ayının 30-da Qazax rayonunun Daş Salahlı kəndində anadan
olmuşdur. 1979-cu ildə Daş Salahlı kənd 2 saylı tam orta məktəbinə getmiş,
1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə hərbi çağırışla Vətən
torpaqlarını erməni quldurlarından qorumağa getmişdir. 1993-cü il iyul ayının
8-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə
ucalmışdır. Şahquluyev Paşa Hümbət oğlu Şahquluyev Paşa Hümbət oğlu
1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1953-1955-ci illərdə
SSRİ ordusunda hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra Kəmərli kəndində
yaşayaraq fermada və müxtəlif işlərdə fəhlə işləmişdir. 30 sentyabr 1995-ci ildə
erməni əsirliyindən qayıdan günü şəhid olmuşdur. Ailəli idi. Üç övladı
var.
Facebook-da paylaş