Ən müqəddəs sözdü Vətən
Torpaq, Vətən də daxil olmaqla
ən müqəddəs dəyərlərimizə sahib çıxmaq millət kimi bizə ulu babalardan miras
qalan xüsusiyyətdir. Heç kəsin torpağına göz dikməyən, təcavüzkarlığı özünə
rəva görməyən Azərbaycan xalqı həmişə sülhsevər olub. Xalqımız
yalnız öz doğma yurdunu, torpağını qoruyub, lazım gələndə canını belə bu
yolda qurban verməkdən heç vaxt çəkinməyib. Torpaq, Vətən, yurd sevgisi,
elə-obaya bağlılıq hissi minlərlə qəhrəman oğul və qızları bu xalqı düşmənə baş
əyməyə qoymayıb. Qalib çıxdığımız bütün döyüşlər həmişə sübut edib ki,
Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından
keçməyə hazır olan oğul və qızlarımız çoxdur. "Torpaq, əgər uğrunda ölən
varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli
Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla
yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər
birimizin ən müqəddəs vəzifəsi və borcudur. Bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan, Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara
kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonu da Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid vermişdir. 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qazax rayonunda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş, öz şücayətləri ilə cəsarət simvoluna çevrilmiş igid oğul və
qızlarımıza verilən dəyər hər kəsə yaxşı məlumdur. Vətən fədailərinin əziz
xatirəsi rayonda hər zaman uca zirvədə tutulur. Vətən sevgisi, vətənpərvərlik
duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə
olub. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərinin şəhidlərimizin ailə
üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Rayonumuzda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş,
şəhidlik adlı zirvəyə ucalmış şəhidlərimizin doğum və anım günlərinin qeyd
olunması, əziz xatirələrinin yad edilməsi də bu istiqamətdə görülən işlərin
əyani sübutudur. GOYEZEN.AZ saytı bu dəfə də ənənəsinə sadiq qalıb Vətən uğrunda canından
keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Müşfiq Məmmədovun, İlqar
Poluyevin, Ziyad Məmmədovun, Məhəmməd
Vəliyevin, Kamran Əmrahovun, Rəşad Nəsibovun, Əmir İbrahimovun əziz
xatirələrini yad edir. Məmmədov Müşfiq Sabir
oğlu Məmmədov Müşfiq Sabir oğlu 27 avqust 1967-ci
ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə
Qaymaqlı kənd tam orta məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə
Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci ildən Tiflis şəhərində
8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən Milli Ordu sıralarına
könüllü yazılan Müşfiq N saylı hərbi hissənin 3-cü alayında Rota komandiri kimi
Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının 4-də şəhid olmuşdur. "Azərbaycan
bayrağı" ordeni, Türkiyənin Bətər federasiyası tərəfindən fəxri
fərmanla təltif olunmuşdur. Poluyev İlqar Rəşid oğlu Poluyev İlqar Rəşid oğlu 27 avqust 1967-ci
ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 01.09.1975-ci ildə
(indiki Nizami Hüseynov) adına Aşağı Salahlı kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuşdur. 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1985-1987–ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1987-1992–ci illərdə Xəzər dənizi neft qazma idarəsində işləmişdir. 15 yanvar 1994-cü ildə Ağdərə rayonu
ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Xəzər dənizində şəhidin
adını daşıyan yük gəmisi var. Məmmədov Ziyad Məhəmməd
oğlu Məmmədov
Ziyad Məhəmməd oğlu 28 avqust 1965-ci ildə Qazax rayonunun Dəmirçlər kəndində
anadan olmuşdur. 1972-1980-ci
illərdə Dəmirçilər kənd tam orta məktəbində 8
illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini
davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında
hərbi borcunu yerinə yetirərək Vətənə, öz
kəndinə qayıdaraq sovxozda traktorçu-maşinist işləmişdir. 1993-cü ildə
erməni quldurlarının torpaqlarımıza etdiyi təzavüz zamanı Ziyad da Milli Ordu
sıralarına səfərbər olmuşdur. N saylı hərbi hissədə xidmət
etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki
Vəlixan meşəsi və Böyük Cəfərli kəndinin "Qaraçal” yüksəkliyi
uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü
il fevral ayının 4-də "Vəlixan” meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasınaşəhid olmuşdur. Vəliyev Məhəmməd İbrahim
oğlu Vəliyev Məhəmməd İbrahim oğlu 10 iyun 1969-cu
ildə Qazax rayonunun Əlibayramlı kəndində anadan olmuşdur. 1976-cı ildə (Əlibayramlı kənd) hazırkı
Aslanbəyli kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 1986-cı ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir.
1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 28 avqust 1992-ci ildə N saylı
hərbi hissənin Birinci Şıxlı döyüş bölgəsində şəhid olmuşdur. Əmrahov
Kamran Əziz oğlu Əmrahov Kamran Əziz oğlu 29 avqust 1959-cu
ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1966-cı ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci
sinfinə daxil olmuş və 1976-cı ildə həmin
orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat fakültəsinə
daxil olmuş və 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla Neft
daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə
SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu
24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə
yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki,
ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı
kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına
bulaq çəkilmişdir. Nəsibov
Rəşad Hümbət oğlu Nəsibov Rəşad Hümbət oğlu 1
sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci
ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 27 mart 1995-ci
ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri
tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi. İbrahimov
Əmir Əsgər oğlu İbrahimov Əmir Əsgər oğlu
1954-cü il sentyabr ayının 2-də Qazax rayonunun Daş Salahlı kəndində anadan
olmuşdur. 1961-ci ildə Daş Salahlı kənd 1 saylı tam orta məktəbinə getmiş, 1971-ci
ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni
bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi
Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü
il il mayın 23-də Qazax rayonunda yerləşən "Üçgül” adlanan ərazidə düşmən
minasına düşərək şəhid olmuşdur.
Facebook-da paylaş