• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir

Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.

Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.

Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.

Bu gün Ermənistanla 168 km sərhəddi olan və 7 kəndi düşmən tapdağı altında qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid vermişdir. 7 nəfər Milli Qəhrəmanı olan Qazaxda şəhidlərimizin adı hər zaman uca zirvədə tutulur. Vətən sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızın doğum və anım günlərinin qeyd olunması, əziz xatirələrinin yad edilməsi bu istiqamətdə görülən işlərin əyani sübutudur.

GOYEZEN.AZ saytı da hər zaman şəhidlərimizin əziz xatirələrini yad edir. Bu gün də ənənəmizə sadiq qalıb Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən Şahin Süleymanovun, Zahid Mahmudovun, Vüqar Süleymanovun, Orxan Əliyevin, Zülfüqar Vəkilovun, Alı Mollayevin, İmran Allahverənovun, Mahmud Seyidovun, Natiq Məmmədovun əziz xatirələrini yad edib sizlərə tanıtmaq istədik.

Süleymanov Şahin Novruz oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Süleymanov Şahin Novruz oğlu 9 avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Süleymanov Şahin Novruz oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Mahmudov Zahid Alı oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Mahmudov Zahid Alı oğlu 28 may 1955-ci ilde Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1972-ci ildə Bakı Rabitə Texnikomuna daxil olmuşdur. 1976-cı ildə həmin texnikomu bitirmişdir. 1973-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə getmiş, 1974-cü ildə ordudan tərxis olunmuşdur. 1976-cı ildən Rabitə Nazirliyində texniki işçi kimi işləmişdir. 1992-ci ildən DİN-nin DQ-nın N saylı hərbi hissəsində hərbi xidmətə qəbul olunmuş və müxtəlif döyüş bölgələrində xidmət etmişdir. 1992-ci il avqust ayının 6-da Tərtər-Ağdərə istiqamətində döyüş bölgəsinə ezam olunmuşdur. Avqust ayının 9-da isə həmin bölgədə mərmi atəşi ilə ağır yaralanaraq şəhid olmuşdur. Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. 12 mart 2009-cu ildə 204 saylı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbi şəhid Zahid Mahmudovun adını daşıyır. Həyat yoldaşı Gültəkin Mahmudova Bakı şəhəri 212 saylı məktəbdə xarici dil müəllimi işləyir. İki övladı var. Oğlu Anar Mahmudov DİN-nin DQ-nın N saylı hərbi hissəsində zabit işləyir. Digər oğlu Zaur Mahmudov ali təhsilli iqtisadçı, iş adamıdır.

Süleymanov Vüqar Şükür oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Süleymanov Vüqar Şükür oğlu 9 avqust 1976-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1983-cü ildə Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. Məktəbi bitirməyinə 1 il qalmış 11 avqust 1992-ci ildə Qazax şəhəri erməni silahlı qüvvələri tərəfindən artileriya atəşinə tutularkən yaşadığı Əhməd Seyidov küçəsi 39 ünvanında şəhid olmuşdur.

Əliyev Orxan Məhəmməd oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə “Avtomobil nəqliyyatı” şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.

Vəkilov Zülfüqar Tahir oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Vəkilov Zülfüqar Tahir oğlu 11 avqust 1975-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1982-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1992-ci il həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ilin oktyabrından Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağırılmış və müxtəlif döyüşlərdə iştirak etmişdir. 12 oktyabr 1995-ci ildə Fizuli rayonunun Aşağı Abdurəhmanlı kəndində hərbi əməliyyat zamanı minaya düşərək şəhid olmuşdur.

Mollayev Alı Vəli oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Mollayev Alı Vəli oğlu 1 avqust 1956-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1963-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ilə məktəbi bitirərək sovet ordusu sıralarına çağırılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Mollayev Alı Vəli oğlu 12 avqust 1998-ci ildə Quşçu Ayrım kəndində odun gətirən zaman ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olmuşdur. Ailəli idi. İki övladı var.

Allahverənov İmran Dursun oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Allahverənov İmran Dursun oğlu 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Məktəbi bitirdikdən sonra könüllü olaraq N saylı hərbi hissənin tərkibində Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Seyidov Mahmud Musa oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Seyidov Mahmud Musa oğlu 12 avqust 1931-ci ildə Qazax rayonunun Əlibayramlı kəndində anadan olmuşdur. Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbində təhsil almışdır. Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra Əlibayramlı kəndində 2 il sürücü işləmişdir. 1963-cü ildən 1985-ci ilə qədər Gürcüstan Respublikasının Rustavi şəhərində zavodda fəhlə birqadir işləmiş və təqaüdə çıxmışdır. 23 may 1993-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Məmmədov Natiq Məhəmməd oğlu


Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Məmmədov Natiq Məhəmməd oğlu 12 avqust 1967-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1974-cü ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1985-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra polis orqanlarında çalışmışdır. Məmmədov Natiq Məhəmməd oğlu 16 iyun 2005-ci ildə Məzəm kəndində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.









Facebook-da paylaş