• Təqvim

  • Unutma

  • Maraq



Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir

Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
VƏTƏN. Nədir Vətən? Niyə sevməliyik Vətəni? Nədir bu məfhum? Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək: “uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. Şairin dediyi kimi: Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir. Bu uğurda canından keçmək isə Vətən sevgisinə sahiblikdən doğur. Bəs Vətən sevgisi nədir? Üzərində həyat sürdüyümüz bu torpaq üçün lazım gələndə həyatını, sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür Vətən sevgisi. Vətən sevgisi ən uca, əsil sevgidir. Məqamı gəlincə Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür. Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.

Bu gün Ermənistanla 168 km sərhəddi olan Qazax rayonu da torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid vermişdir. 7 nəfər Milli Qəhrəmanı olan Qazaxda Vətən sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Bu gün rayonda bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.

Vətən uğrunda canlarından keçmiş oğul və qızlarımızın doğum və anım günlərinin qeyd olunması da bu istiqamətdə görülən işlərin ən birincisidir.

GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən Vüqar Nəbiyevin, Alı Mollayevin, Sərdar Hüseynovun, Aslan Məmmədovun, Ənvər Abdullayevin, İslam Xəlilovun, Yusif Vəliyevin, Məmməd Məmmədovun, Məhəmməd Əsgərovun, Dilqəm Zeynalovun əziz xatirəsini yad edib sizlərə tanıtmaq istədik.

Nəbiyev Vüqar Müzəffər oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Nəbiyev Vüqar Müzəffər oğlu 1 avqust 1967-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuşdur. 1974-cü ildə yaşadığı kənddə birinci sinifə daxil olmuşdur. 1984-cü ildə həmin orta məktəbi bitirmişdir. 1985-1987-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gələrək ailə həyatı qurmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduda xidmət etməyə başlamışdır. 2 fevral 1993-cü ildə döyüş zamanı itkin düşmüşdür. 2006-cı ildə Qazax rayon Məhkəməsinin qərarı ilə şəhid statusu almışdır. Ailəlidir və bir oğlu var.

Mollayev Alı Vəli oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Mollayev Alı Vəli oğlu 1 avqust 1956-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1963-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ilə məktəbi bitirərək sovet ordusu sıralarına çağırılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Mollayev Alı Vəli oğlu 12 avqust 1998-ci ildə Quşçu Ayrım kəndində odun gətirən zaman ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olmuşdur. Ailəliydi. İki övladı var.

İsgəndərov Mehdi Nəsrəddin oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
İsgəndərov Mehdi Nəsrəddin oğlu 1 avqust 1953-cü ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1960-cı ildə Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1 aprel 1990-cı ildə Qazax rayonunun Yuxarı Əskipara kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi. İki övladı var.

Hüseynov Sərdar Aydın oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Hüseynov Sərdar Aydın oğlu 2 avqust 1968-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1983-85-ci illərdə M.Hüseyn adına internat orta məktəbinin onuncu sinfini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd Feldşer-Mama məntəqəsinin müdiri işləmişdir. 24 sentyabr 1993-ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi.

Məmmədov Aslan Dursun oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Məmmədov Aslan Dursun oğlu 2 avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Məmmədov Aslan Dursun oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Abdullayev Ənvər Abdulla oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Abdullayev Ənvər Abdulla oğlu 25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycanın ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Xəlilov İslam Mahmud oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Xəlilov İslam Mahmud oğlu 5 iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbinin birinci sinfinə getmiş, 1957-ci ildə məktəbin səkkizinci sinfini bitirmişdir. Sovet ordusu sıralarında xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Vəliyev Yusif İbrahim oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Vəliyev Yusif İbrahim oğlu 17 mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966–cı ildə Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə getmişdir. 1979–cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Məmmədov Məmməd Zahid oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Məmmədov Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid olmuşdur.

Əsgərov Məhəmməd İsmayıl oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Əsgərov Məhəmməd İsmayıl oğlu 31 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1965-ci ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu yaşayış məntəqəsinə köçərək orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə qayıtmış, kənddə müxtəlif işlərdə fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də minaya düşərək şəhid olmuşdur.

Zeynalov Dilqəm Camal oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Mirzəliyev Zülfüqar Bəkir oğlu


Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir
Mirzəliyev Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna kəndində anadan olmuşdur. 1976-ci ildə Kommuna kənd 8 illik orta məktəbin birinci sinfinə daxil olmuş və 1984-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-1986 Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Daha sonra SSRİ silahlı qüvvələrinə çağrılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü olaraq milli orduya getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev Zülfüqar Bəkir oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid olmuşdur. Zülfüqar Mirzəliyev Çaylı kənd Şəhidlər Xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək üçün Bala Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir.


Facebook-da paylaş